“Düşünürəm ki, püşkatmada səpələnməmiş komandalar arasında bizə ən çətin rəqib düşdü. “Qarabağ”ın uzun illər davam edən üstünlüyünə son qoymaq asan deyil. “Sabah” bunu bacarıb”.

Futbolinfo.az xəbər verir ki, bunu Uelsin TNS klubunun baş məşqçisi Kreyq Harrison UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları Azərbaycan çempionu “Sabah” haqda danışarkən deyib.

48 yaşlı mütəxəssis ilk matçın səfərdə olmasını özləri üçün üstünlük adlandırıb: “İlk oyunu səfərdə keçirməyimiz bizə müəyyən üstünlük verir. Beləliklə, cavab matçında nəyə ehtiyacımız olduğunu biləcəyik. Komandaları izləyə bilərsiniz, amma onlara qarşı oynamadan həqiqi güclərini hiss etmək olmur. İlk oyundan sonra şansın davam etməsi çox vacibdir. Heyətimizdə belə oyunların necə keçirildiyini yaxşı bilən təcrübəli futbolçular var. “Park Holl”da çox yaxşı nəticələrimiz var və öz meydanımızda istənilən rəqibə ciddi problem yarada bilərik”.

Qeyd edək ki, “Sabah”la TNS arasında ilk oyun iyulun 7-də “Bank Respublika Arena”da keçiriləcək.

Shares: