“Sabah”ın qələbəsini tarixi saymaq olar. Çempionlar Liqasında debüt edərkən yarışa inamlı qələbə ilə başlamaq əlavə üstünlükdür.

Hətta matçın ikinci hissəsi də ilk yarıdakı kimi keçsə, qapılara qol vurulmasa, “Sabah” yenə cavab matçı üçün favorit olacaqdı. Çünki komanda rəqibindən çox yaxşı oynayırdı, tam üstün idi. TNS təmsilçimizlə müqayisə olunacaq komanda deyil. Təbii ki, Uels çemponunu ciddiyə almamaq olmaz, lakin “bayquşlar”ın daha yüksək səviyyəsini də yaddan çıxartmayaq.

Valdas Dambrauskasın yetirmələri ötən mövsümü necə yüksək səviyyədə keçirmişdisə, yeni mövsümə də eyni cür başladı. Oyun üslübuna sadiq qalan “Sabah” TNS-ə şans vermədən qələbə qazandı. Komanda hələ bunu yeni transferlərə ehtiyac duymadan nail oldu. Start heyətində meydana çıxanlar ötən ildən heyətdə olanlar idi. Litvalı baş məşqçi onlara güvəndiyini, uğur qazanan heyəti pozmaq istəmədiyini nümayiş etdirdi. Lakin zamanla yeni gələnlərin də komandaya güc qatacağını gözləmək olar.

Matçda yeganə xoşagəlməz məqam Stiv Solvenin qırmızı vərəqə alması oldu. Son dəqiqələrdə yersiz sarı vərəqələr cavab matçında problem yarada bilər. Düzdür, komandanın hücum gücünü nəzərə alsaq, müdafəyə güc düşməyəcəyini, Solveni əvəz edəcək oyunçunun sıxıntı yaşamayacağını demək olar. Bununla belə, komandanın aparıcı oyunçusu daha məsuliyyətli davranmalı idi.

Əvvəlki illərdə “Sabah”ın 2 top fərqli üstünlüyü əldən verdiyini görmüşük. Bu səbəbdən arxayınlaşmaq olmaz. Qrup mərhələsinə gedən yolda belə oyunlardan maksimum yararlanmaq lazımdır.

İstənilən halda, qitə kuboklarında bizim üçün mövsümün açılışını uğurlu saymalıyıq. “Sabah” hələlik ilk döyüşü udub, tam qələbə üçün Uelsdə konsentrasiyanı pozmamaq  vacibdir. Komanda oyunu ilə ümid verdi, mərhələlər keçildkcə rəqblər daha güclü olacaq, ona görə də “artırmaq” gərəkdir. Qəsəbə təmsilçisinin yeni transferlərinin ansamblı pozmayacağına, gücə güc qatacağına inanmaq istərdik.

FƏRİD

Shares: