Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədovun futbolinfo.az saytına müsahibəsi
– “Sabah”ın Çempionlar Liqasında TNS-ə qarşı ilk oyundakı (2:0) çıxışını necə qiymətləndirirsiniz?
– Matçdan öncə də bilirdik ki, “Sabah” həm heyət, həm də oyun baxımından rəqibdən üstündür. Təmsilçimiz Bakıdakı görüşün əvvəlindən ərazi üstünlüyünə malik idi, 90 dəqiqə ərzində oyuna diktə etdi. Bütün bunlara baxmayaraq, matç “Sabah” üçün asan alınmadı. Xüsusilə görüşün əvvəli həyəcanlı keçdi. Amma ikinci hissədə “Sabah” ona lazım olan qolları vurmağı və qələbə qazanmağı bacardı.
– “Sabah”dan cavab matçında da qələbə gözləyirsiniz, yoxsa rəqib öz meydanında təmsilçimizə sürpriz yaşada bilər?
– Hələ heç nə həll olunmayıb, ikinci oyuna daha motivasiyalı çıxmaq lazımdır. Cavab matçında da “Sabah”dan qələbə gözləyirəm, amma bu heç də asan olmayacaq. Çünki təmsilçimiz uzun səfərə çıxacaq, üstəlik, süni meydançada oynayacaq. Rəqib çalışacaq ki, öz azarkeşləri önündə təzyiq etsin. Çətin oyun olacaq. Buna baxmayaraq, “Sabah”da yenə qələbə qazanacağını və ya sərfəli nəticə ilə növbəti mərhələyə adlayacağını gözləyirəm.
– “Zirə”nin Konfrans Liqasında “Torpedo” ilə oyundakı (3:0) performansı haqda nə deyə bilərsiniz? Təmsilçimizi artıq növbəti mərhələdə saymaq olar?
– Püşkatmadan sonra klublarımızın rəqiblərini analiz edəndə ən çətin rəqibin “Zirə”yə düşdüyünü fikirləşirdik. Çünki hazırda Gürcüstan çempionatı davam edir, təzəlikcə “Torpedo” Superkuboku əldə edib. Buna baxmayaraq, “Zirə” matçın ilk 10-15 dəqiqəsini çıxmaq şərtilə ümumi oyuna diktə etdi və qolu vurandan sonra daha da rahat oynamağa başladı və möhtəşəm qələbə qazandı. Əla üstünlükdür, amma qarşıda cavab görüşü var, rahatlaşmaq olmaz.
– Bu gün isə “Qarabağ” Avropa Liqasında mübarizəyə qoşulacaq. İslandiyanın “Vestri” klubu təcrübəli komandamıza hər hansı bir problem yarada bilərmi?
– “Qarabağ” hazırda komandalarımızın içində ən təcrübəlisidir. Artıq neçə illərdir ki, ölkəmizi avrokubokların qrup mərhələsində təmsil edir. Bu mənada, “Qarabağ”ın “Vestri” ilə matçda elə də çətinlik yaşamayacağını düşünürəm. Düzdür, ilk görüşlərdə oyun istədiyin kimi alınmaya bilər. Üstəlik, nəzərə alaq ki, çoxlu sayda yeni transfer edilib, “Qarabağ”ın heyətində böyük dəyişikliklər baş verib. Əsas odur ki, “Qarabağ” lazım olan nəticəni əldə edə biləcək və getdikcə öz oyununu tutacaq.
– “Neftçi”dən Konfrans Liqasında uğurlu çıxış gözləyirsiniz?
– Digər klublarımız kimi, “Neftçi”dən də ilk mərhələdə uğur gözləyirəm. Çünki rəqiblərə baxdıqda Azərbaycan çempionatının səviyyəsi daha üstün görünür. Ölkəmizdə futbol oynayan legionerlərin səviyyəsi rəqiblərlə müqayisədə daha yüksəkdir. Bu baxımdan, “Neftçi”nin də növbəti mərhələyə keçəcəyinə inanıram. Hər bir klubumuza uğurlar arzulayıram.
CAVAD
