“Sabah”ın yeni avrokubok mövsümünə uğurlu startının ardını “Zirə” gətirdi. Məlum səbəbdən Konfrans Liqasında “Turan Tovuz”u əvəzləyən qəsəbə təmsilçisi Kutaisi “Torpedo”su ilə ilk oyundan üzüağ ayrıldı.
Əslində, “Zirə” avrokuboklara istədiyi kimi hazırlaşa bilməmişdi. Əvvəlcə başqa plan cızan “qartallar” “Turan Tovuz”un bu mövsüm Avropa arenasına buraxılmayacağını bildikdən sonra tezbazar hazırlıq planında dəyişiklik etməli oldular.
Yay fasiləsində heyətdə yenilənmələr baş verdi. Bakılılar həm Azərbaycan klublarından, həm də ölkə xaricindən heyətə yeni oyunçular qatdılar. Tiaqo Silvanın yerinə transfer olunan Maykon Kleytonun məşq zamanı ciddi zədə alması isə Rəşad Sadıqovun işini çətinləşdirən növbəti məqam oldu. Nəticədə çarəsiz qalan “Zirə” ötən mövsümü “İmişli”də keçirən Hüseynəli Quliyevi heyətinə qatmaqla boşluğu doldurdu.
“Torpedo” “Zirə”nin dişinə görə rəqib olsa da, hazırda Gürcüstan çempionatının davam etməsi rəqibin daha yaxşı formada olduğunu düşünməyə əsas verirdi.
Sadıqov ilk “11-lik”də iki yeni transferə – Amin Seydiyev və Vierinyaya şans vermişdi. Kleyton sıradan çıxdığı üçün, gözlənildiyi kimi, qapı xəttində Aydın Bayramov yer almışdı. Amin Seydiyev müdafiənin sağında yer aldığından, komandanın kapitanı Qismət Alıyevi bu dəfə sol cinah müdafiəçisi ampluasında oynayırdı. Gürcüstan təmsilçisinə qarşı matçda “Zirə”nin hər iki gürcü futbolçusu – Davit Volkov və Georgi Papunaşvili ilk dəqiqələrdən meydanda idi.
Birinci hissədə dəqiqələr keçdikcə “Zirə” təşəbbüsü ələ aldı və çox çəkmədi ki, ərazi üstünlüyünü hesabda da əks etdirdi. 32-ci dəqiqədə Qismətin kornerdən havalandırdığı topu Ruan Renato dəqiq baş zərbəsi ilə qapıdan keçirdi.
Fasiləyə minimal hesablı üstünlüklə yollanan “qartallar” ikinci yarıya qolla başladılar. Renatonun cərimə meydançası daxilinə ötürməsindən sonra rəqib müdafiəçi səhvə yol verdi və bundan maksimum yararlanan Volkov həmyerlilərini cəzalandırdı.
Daha sonra “Torpedo”nun futbolçuları daha bir fərdi səhvə yol verdilər və topu ələ keçirən Eren Aydın rəqib qapıçı ilə üzbəüz qaldı. Qonaqların “çərçivə qoruyucusu” Oto Qoşadze onun qarşısını kobudluqla kəsmək məcburiyyətində qalınca, referi haqlı olaraq 11 metrlik nöqtəni göstərdi. Topa yaxınlaşan Renato isə şansı qaçırmadı və dəqiq zərbə ilə özünün ikinci, komandasının üçüncü qolunu vurdu. Bu üstünlüyünü sonadək qoruyan “Zirə” Sumqayıtda “Torpedo” üzərində böyükhesablı qələbə qazandı.
Qonaqların baş məşqçisi Dirk Şuster oyunsonrası mətbuat konfransında “Zirə”yə sürpriz hazırladıqlarını, ancaq Bakı təmsilçisinin çox güclü rəqib çıxdığını bildirdi. Həqiqətən də, “qartallar” istər fərdi baxımdan, istərsə də taktiki cəhətdən gürcülərdən yaxşı idilər. Bu da oyunun məntiqi nəticəsi olaraq yekun hesabda öz əksini tapdı.
Bir həftə sonra “Zirə”ni “Torpedo” ilə Gürcüstanda cavab oyunu gözləyir. Rəşad Sadıqov rəqibin çılğın azarkeş ordusuna malik olduğuna işarə etsə də, bu məqam bakılılara problem yaratmamalıdır. Bu cür rəqibə qarşı bu cür üstünlüyü hansı şəraitdə oynamağından asılı olmayaraq, əldən buraxmaq olmaz! “Zirə” ağıllı və ehtiyatlı oynayaraq, rəqibin start həmlələrinin qarşısını almalı və ələ düşəcək qol epizodlarından lazımınca istifadə edərək səfərdə də “Torpedo”ya qalib gəlməli, Azərbaycana əlavə reytinq xalları qazandırmalıdır.
ABBAS
