“Qarabağ”ın yeni transferi Bruno Lanqa futbolinfo.az saytına müsahibə verib. O, Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk görüşündə İslandiyanın “Vestri” klubu üzərindəki 3:0 hesablı qələbədən və komandadakı durumundan danışıb.

– “Qarabağ”da ilk rəsmi oyununu necə dəyərləndirirsən?

– Çox sevinirəm. Bizim yaxşı heyətimiz var. Bu gün də meydanda yaxşı oyun göstərdik. Bu cür qələbə qazandığımız üçün sevinirəm. Yaxşı oyun göstərməyə, azarkeşlərimizi sevindirməyə çalışdıq.

– Evdə 3:0 hesablı qələbə kifayət qədər yaxşıdır. Düşünürsən ki, artıq növbəti mərhələyə vəsiqə qazanmısız?

– Biz oyundan oyuna düşünmək, inkişaf etmək istəyirik. Qarşıda bizi hələ cavab oyunu gözləyir. Əlbəttə, növbəti  mərhələyə adlamaq istəyirik, amma bunun üçün mübarizə aparmalı, “döyüşməliyik”. Əgər mərhələ adlamaq istəyiriksə, daha çoxunu etməliyik. Bunun üçün səfər matçında əlimizdən gələni edəcəyik.

– Stadiondakı atmosfer səni qane etdi?

– Atmosfer möhtəşəm idi. Bu cür azarkeşlər önündə oynamaq, onların önündə qalib gəlmək əlbəttə ki, mükəmməldir.

– “Qarabağ” ötən il Avropa səhnəsində tarix yazdı, Çempionlar Liqasında pley-offa adladı. Bu mövsüm Avropa Liqasında daha irəli getmək mümkün görünür?

– Düşünürəm ki, bu mümkündür. Niyə də olmasın? Bir komanda olaraq uğur qazanmaq, adımızdan söz etdirmək üçün çalışacağıq. Yaxşı heyətimiz var və bunu meydanda göstərməliyik. Hər oyun keçdikcə daha yaxşı olacağıq. Qələbələr qazanıb nəticələrin gəlməsini gözləyəcəyik.

– Sən də daxil olmaqla, heyətdə bir çox yeni futbolçu var. Bu, çətinlik yaratmır?

– Yox, heç bir çətinlik yoxdur. Yeni olsaq da, sanki 4-5 ildir bir yerdəyik. Bura gələndən sonra elə düşünməyə başladım. Hər kəs məni yaxşı qarşıladı. Çünki burada keyfiyyətli insanlar toplaşıb. Bu klubun içində özümü heç yad hiss etmədim. Bu mehribanlıq da uğur gətirəcək.

– Dünya çempionatında favoritiniz kimdir?

– Argentina. Mən onları bəyənirəm.

– Messi fanatısız?

– Mən həm Messini, həm Ronaldonu dəstəkləyirəm, ikisinə də rəğbətim var. Amma komanda olaraq Argentinaya azarkeşlik edəcəm.

CAVAD

Shares: