“Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovunun futbolinfo.az saytına müsahibəsi

  • Hazırda 36 yaşında və klubsuz olan Dino Ndlovu karyerası ilə bağlı hansı addımı atacaq: “davam”, yoxsa “tamam” qərarı verəcəksiniz? Yay fasiləsində Azərbaycandan hər hansı bir təklifiniz olubmu?
  • “Marumo Qallants”dan ayrıldığımdan bəri klubsuzam. Hələ futbolçu karyeramı bitirib-bitirməyəcəyimə qərar verməmişəm. Azərbaycandan hələlik heç bir təklif almamışam.
  • “Qarabağ”da oynadığınız dövrü necə xatırlayırsınız? Yenidən sabiq komandanızın formasını geyinmək istərdiniz?
  • Məncə, klubun tələbləri çox yüksəkdir. Mən geri qayıtmağı çox istəyərdim və hələ də istəyirəm, amma bunun mümkün olacağını düşünmürəm.
  • “Qarabağ” ötən mövsüm Çempionlar Liqasında tarixi nəticəyə imza atsa da, ölkə çempionu ola bilmədi. “Köhlən atlılar”ın çempionluq titulunu “Sabah”a təhvil verməsini necə qarşıladınız?
  • Bu hal dünyanın ən yaxşı komandalarının da başına gəlir. Məncə, “Qarabağ”ın heyəti oyunçu sayı baxımından bir qədər məhdud idi. Səbəbini dəqiq bilmirəm. Ya da ola bilsin ki, həm Çempionlar Liqasında, həm də daxili çempionatda çıxış etdikləri üçün çox yorğun idilər və davamlı səfərlər edirdilər. Yəqin ki, sıx oyun cədvəlinin öhdəsindən gələ bilməmələrinin və bunun çempionluq mübarizəsinə təsir etməsinin səbəbi də bu olub.
  • “Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda “Vestri” üzərində 3:0 hesablı qələbə qazandı. Cavab görüşündən hansı nəticəni gözləyirsiniz?
  • Düzünü desəm, Dünya Kuboku ilə bağlı işlərimlə məşğul idim, ona görə də “Qarabağ”ın oyununa baxmağa imkanım olmadı. Amma yəqin ki, cavab matçını izləyəcəyəm. İlk görüşdəki nəticədən sonra “Qarabağ”ın bu mərhələni keçəcəyinə şübhəm yoxdur.
  • Bu yay “Qarabağ”dan 9 futbolçu ayrılıb, əvəzində komandaya hələlik 8 yeni oyunçu cəlb edilib. Heyətdəki bu qədər dəyişiklik komandaya necə təsir edəcək? Sizcə, “Qarabağ” bu mövsüm Azərbaycan çempionu olmağı və Avropa Liqasında xeyli irəliləməyi bacaracaqmı?
  • Baxın, daxili çempionat klub üçün çox vacibdir və bilirəm ki, bu mövsüm də yenidən çempionluq uğrunda mübarizə aparacaqlar. Mən əminəm ki, “Qarabağ” həm daxili yarışlarda, həm də avrokuboklarda ötən mövsümlə müqayisədə daha yaxşı çıxış edəcək. Sadəcə, ümid edirəm ki, hər iki turnirdə komandaya kömək etmək üçün yetərli qədər futbolçu transfer edəcəklər.

CAVAD

Shares: