Beynəlxalq Şahmat Federasiyasının sabiq rəhbəri Kirsan İlyumjinov yenidən qurumun prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
Rusiyalı funksioner bildirib ki, 2026-cı ilin sentyabrında Özbəkistanda keçiriləcək seçkilərdə iştirak edəcək və FIDE-ni yenidən birləşdirmək, maliyyə baxımından gücləndirmək, həmçinin şahmatın Olimpiya Oyunlarının rəsmi proqramına daxil edilməsinə nail olmaq niyyətindədir.
İlyumjinov seçiləcəyi təqdirdə norveçli qrossmeyster Maqnus Karlsenin FIDE-nin klassik dünya çempionatı silsiləsinə qayıtması üçün danışıqlara şəxsən başlayacağını da vəd edib. O, həmçinin FIDE prezidentinin vəzifədə qalma müddətinin iki dövrlə məhdudlaşdırılması barədə nizamnaməyə dəyişiklik edilməsini təklif edəcəyini bildirib.
Xatırladaq ki, Kirsan İlyumjinov FIDE-yə 1995–2018-ci illərdə rəhbərlik edib. Hazırda isə quruma Arkadi Dvorkoviç başçılıq edir.
