UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah”ın qarşılaşacağı KuPS son illərdə Finlandiya futbolunun ən sabit və rəqabətədavamlı komandalarından biri kimi formalaşıb. Kuopiolu təmsilçisi təkcə ölkə çempionatında uğurlu çıxışları ilə deyil, həm də avrokuboklarda qazandığı təcrübə ilə seçilir. Baş məşqçi Miika Nuutinenin rəhbərliyi altında komanda nizam-intizamlı oyun, düzgün mövqe seçimi və kollektiv futbol hesabına nəticə qazanmağa çalışır. KuPS fərdi ustalıqdan çox komanda oyunu ilə rəqiblərinə problem yaradan kollektiv təsiri bağışlayır.
Komandanın əsas qapıçısı Yohannes Kraydl uzun illər müxtəlif Avropa klublarında çıxış etmiş təcrübəli qolkiperdir və etibarlı oyunu, hava toplarındakı inamlı çıxışı ilə seçilir. Onun ehtiyatında yer alan Hemmo Riihimyaki və Kasperi Silen daha çox gələcək üçün yetişdirilən gənc qapıçılardır.

Müdafiənin mərkəzində Qana millisinin futbolçusu Kasim Nuhu ən təcrübəli simadır. Güclü fiziki hazırlığı, ikili mübarizələrdə üstünlüyü və liderlik keyfiyyətləri ilə müdafiənin əsas dayağı hesab olunur. Sol cinahda Klinton Antvi hücumlara qoşulmağı sevən müdafiəçidir, Bob Nii Arma isə daha çox fiziki mübarizələrdə effektivliyi ilə seçilir. İsveçli Karl Vard, fin müdafiəçilər – Arttu Lötyönen, Akseli Puukko, Tatu Hukkanen, Rasmus Tikkanen və Taneli Hemyalaynen isə müdafiə xəttində rəqabəti artıran futbolçulardır. Fransalı Brahima Maqassa da həm mərkəz, həm də cinah müdafiəsində oynaya bilməsi ilə məşqçi üçün vacib alternativlərdən biridir.
Yarımmüdafiədə komandanın oyun qurucusu və kapitanı Petteri Pennanen hesab olunur. Onun təcrübəsi, dəqiq ötürmələri və oyunun tempini idarə etmək bacarığı KuPS-un hücumlarının əsasını təşkil edir. Argentinalı Valentin Qask texniki bacarığı və yaradıcı oyunu ilə fərqlənir. “10” nömrəli “Lanus” yetirməsinə azadlıq vermək olmaz! Saku Heyskanen, Saku Savolaynen, Cerri Voutilaynen, Samuel Pasanen, Arttu Heynonen, Eemil Tanninen, Niilo Kuyasalo və Souleymane Sumahoro rotasiyalarla mərkəzdə yüksək iş qabiliyyəti ilə seçilən futbolçulardır. “Maynts”dan icarəyə götürülən Otto Ruoppi isə topa nəzarəti və oyunu irəli daşımaq bacarığı ilə diqqət çəkən gənc yarımmüdafiəçidir.

Hücum xəttində ən tanınmış sima vaxtilə İsveç millisində də çıxış etmiş Qustav Enqvalldır. O, cərimə meydançasında düzgün mövqe seçməyi bacaran və hava toplarında təhlükə yaradan hücumçudur. Nikaraqualı Xayme Moreno sürəti və boş zonalara açılması ilə fərqlənir, uqandalı Kalvin Kabuye isə cinahlarda fərdi keyfiyyətləri hesabına üstünlük yaratmağa çalışır. Joslyn Luyeye-Lutumba da hücumun müxtəlif mövqelərində oynaya bilən çevik futbolçudur.
Nuutinen komandasına ilk növbədə nizam-intizamlı və balanslı futbol aşılamağa çalışır. KuPS adətən 4-2-3-1 düzülüşündən istifadə edir, lakin ehtiyac yarandıqda 4-3-3 sxeminə də keçir. Komanda müdafiədə xətlər arasındakı məsafəni qısa saxlayır, top itkisindən sonra sürətli əks-pressinq tətbiq edir və topu qazandıqdan sonra hücumları əsasən cinahlar vasitəsilə inkişaf etdirir. Standart vəziyyətlər də onların mühüm silahlarından biridir və xüsusilə hündürboy müdafiəçilərin irəli çıxması rəqib üçün əlavə təhlükə yaradır.
“Sabah” üçün bu rəqibə qarşı əsas vəzifə Pennanenin oyun quruculuğunu məhdudlaşdırmaq, cinahlardan gələn ötürmələrin qarşısını almaq və müdafiə xəttini sürətli kombinasiyalarla yerindən oynatmaq olacaq. KuPS ulduz futbolçulardan ibarət komanda olmasa da, kollektiv oyunu, fiziki hazırlığı və taktiki intizamı sayəsində avrokuboklarda istənilən rəqib üçün ciddi təhlükə sayılır. Buna görə də Valdas Dambrauskasın komandasını həm taktiki, həm də fiziki baxımdan çətin iki oyun gözləyir. Hər halda, rəqib “Sabah”la müqayisədə daha təcrübəli komandadır. Ötən mövsüm Konfrans Liqasının əsas mərhələsində keçirdikləri 6 oyunda yalnız 1 dəfə uduzmaqları və nəticədə pley-offa vəsiqə qazanmaları çox şeydən xəbər verir.

Qətiyyən “Vardar”ı 2:0 hesabı ilə məğlub etdikdən sonra evdə əsas vaxtda eyni hesabla məğlub olduqlarını düşünüb arxayınlaşmaq olmaz. Təcrübələrinə əsaslanıb, əlavə vaxtda iki qol vuraraq vəziyyətdən çıxa bildilər, “Sabah”la da imkan əldə etsələr, vəziyyətimiz çətinləşə bilər. Amma heyət amilinə görə komandamız favoritdir. Bu şansı qaçırmamalıyıq!
FƏRİD