“İlk oyunda “Zirə” səfərdə məğlub olsa da, oyunun ümumi mənzərəsinə baxdıqda təşəbbüsün Azərbaycan təmsilçisinin tərəfində olduğunu gördük. Komanda meydanda daha fəal görünürdü, lakin yaratdığı qol imkanlarından lazımınca yararlana bilmədi. Oyunun sonlarında buraxılan qol isə məğlubiyyətlə nəticələndi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə Estoniyanın “Payde” komandası arasında keçiriləcək cavab oyunu barədə də fikirlərini bölüşüb: “Düşünürəm ki, “Zirə”nin doğma meydanda mərhələ keçmək şansı kifayət qədər yüksəkdir. Ev amili və azarkeş dəstəyi bu cür oyunlarda çox vacib rol oynayır. Tribunalardan gələn dəstək futbolçulara əlavə motivasiya verəcək və komandanın rəqib üzərində üstünlük qazanmasına kömək edə bilər. Ümid edirəm ki, azarkeşlər komandalarını sonadək dəstəkləyəcəklər və bu, “Zirə”nin növbəti mərhələyə yüksəlməsində mühüm amillərdən biri olacaq”.
Əsədov rəqibin oyun planına da toxunub: “Fikrimcə, “Payde” ilk dəqiqələrdən əldə etdiyi üstünlüyü qorumağa çalışacaq. Rəqib kompakt müdafiə olunacaq və boşluq verməməyə səy göstərəcək. Estoniya futbolunun əsas xüsusiyyətlərini bilirik – onlar daha çox uzun ötürmələrə və standart vəziyyətlərə üstünlük verirlər. Buna görə də “Zirə” həm müdafiədə diqqətli olmalı, həm də ilk dəqiqələrdən etibarən rəqib müdafiəsini yararaq qol vurmağa çalışmalıdır. Erkən qol vurulacağı təqdirdə oyunun gedişatı tamamilə dəyişə bilər, hətta böyükhesablı qələbə də mümkündür. Əks halda, vaxt keçdikcə işlər daha da çətinləşəcək. Komandamıza uğurlar arzulayıram. İnanıram ki, “Zirə” bu rəqibi mübarizədən kənarlaşdıracaq gücə malikdir və növbəti mərhələyə yüksəlmək üçün çox yaxşı şansı var”.
GÜNAY SÜLEYMANOVA
