2007-ci il MBA draftının bir nömrəsi Qreq Oden “The Ogs Show” proqramında Çin Basketbol Assosiasiyasında (CBA) keçirdiyi dövrlə bağlı diqqətçəkən açıqlamalar verib.

2015-ci ildə “Jiangsu Dragons”un formasını geyinən Oden həmin vaxt gündə bir qutu siqaret çəkdiyini və hətta matç başlamazdan dərhal əvvəl də tütündən istifadə etdiyin deyib: “Çində özümü yaxşı hiss edirdim. Vergidən azad şəkildə 1 milyon dollar qazanırdım. Altı ay orada qaldım və gündə bir qutu siqaret çəkirdim. Hətta oyun başlamazdan dərhal əvvəl də “nikotin qəbul edirdim”.

Keçmiş basketbolçu bu vərdişinə soyunub-geyinmə otağındakı məşqçilərin də qoşulduğunu qeyd edib: “Ən dəhşətlisi isə o idi ki, böyük fasilədə tualetə gedəndə gördüm, məşqçilər paltardəyişmə otağını siqaret tüstüsü ilə doldurmuşdular”.

Mövsümöncəsi ilk oyunda baş barmağını sındırdığı üçün ilk ayı buraxan Oden buna baxmayaraq mövsümü orta hesabla 13,0 xal, 12,6 ribaund və 2,0 blok göstəricisi ilə başa vurub. Lakin “Jianqsu Draqons” pley-offa yüksələ bilmədiyi üçün o, komandadan ayrılıb. Bu dövr Odenin peşəkar karyerasının belə desək, son dayanacağı olub. Keçmiş ulduz mərkəz oyunçusu 2016-cı ildə basketbolla vidalaşdığını açıqlayıb.

Xatırladaq ki, Qreq Oden 2007-ci il MBA Draftında “Portlend Trayl Bleyzers” tərəfindən ilk nömrədən seçilmişdi. O, ardıcıl diz zədələri səbəbindən böyük potensialını istədiyi səviyyədə nümayiş etdirə bilməyib və üç mövsüm davam edən MBA karyerasını orta hesabla 8,0 xal, 6,2 ribaund və 1,2 blok göstəricisi ilə başa vurub.

Shares: