“Real”ın müdafiəçisi Raul Asensio yetkinlik yaşına çatmayan şəxsin intim görüntülərinin yayılması ilə bağlı cinayət işi üzrə həbs cəzası ala bilər.
İspaniya prokurorluğu futbolçunu zərərçəkənin razılığı olmadan çəkilmiş intim videonu üçüncü şəxslərə ötürməkdə və pornoqrafik materialın yayılmasında ittiham edir. İttihama görə, Asensio həmin intim görüntülərdə iştirak etməyib, lakin videonu tanışlarından istəyərək əldə edib və daha sonra başqa bir şəxsə göstərib. Prokurorluq 23 yaşlı müdafiəçinin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.
Məhkəmə iclaslarının 3, 4 və 7 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır. Qeyd edək ki, bu mərhələdə söhbət ittihamdan gedir və futbolçu barədə məhkəmə tərəfindən hələ yekun hökm çıxarılmayıb.
