Könüllər çempionu və ya adı Ağdama, özü isə "Azərsun Holdinq"ə məxsus olan "Qarabağ". Sizə zarafat gəlməsin, "Qarabağ" 20 ildi ki, yurdundan, el-obasından didərgin düşüb, "İmarət"indən çıxıb "kirayə"lərdə yaşayır.
Didərgin düşdüyü tarixdən bu yana komanda çempion ola bilmir. Əksəriyyəti bunu baş məşqçi, heyətlə əlaqələndirsələr də, fikrimcə, buna səbəb "Qarabağ"da Ağdam ruhunun olmamasıdı. Hələ komanda Qarabağ savaşı gedən zaman öz oyunlarını "İmarət"də keçirirdi. Stadionun yanına, meydananın ortasına düşmən tərəfindən atılan mərmilərin düşməsinə baxmayaraq, futbolçular çəkinmədən, böyük cəsarətlə oyun nümayiş etdirirdilər.
Həmin vaxtdan "Qarabağ"a Ağdamdan yadigar qalan Adil Nadirov, Müşfiq Hüseynov və onun qardaşı Yaşar Hüseynovdu. Yaşar əvəzedici, Müşfiq isə əsas komandada məşqçi kimi fəaliyyət göstərdiyi halda Nadirov komandanın fəxri prezidentidi. Adil bəyin qardaşı oğlu Vüqar Nadirovun da ağdamlı olmasına baxmayaraq, o, "Qarabağ"ın Bakı macərasının iştirakçısıdı. Allahdan onlara uzun ömür arzu edirik. İnsan həyatda əbədi deyil, hər insanın bir alın yazısı var. Ağdamdan köçkün düşdüyü kimi, adını çəkdiyimiz insanlar da bir gün həyatla vidalaşmalı olacaqlar. Bundan sonra isə komandada Ağdamı xatırladan bir varlıq qalmaycaq. Çəlikəl, Gözəl soyadları isə Ağdamı heç cür xatırlatmır. Düzdü, müsahibə və açıqlamalarında Ağdamı sevdiklərini desələr də, bu, pafoslu çıxışdan başqa bir şey deyil. Çünki biz bunu əməldə görmədik.
Heç kimdə şübhə doğurmur ki, milli qəhrəmanlarımız Asim Məhərrəmov (Fred Asif) və Allahverdi Bağırov komandanı ayaqda qalması üçün böyük səy göstəriblər. Komandanın da çempion olmasına imkan verməyən elə onların ruhudu. Əslində, ötən illərdə komandaya Ağdam ruhunun qaytarılmasına az qalmışdı. Belə ki, ictimaiyyətin tələbi ilə "Qarabağ" həvəssiz olaraq öz oyunlarını Quzanlı Olimpiya Kompleksinin stadionunda keçirməyə başladı. Bu hadisə Quzanlı qəsəbəsində və ətraf kəndlərdə yaşayan yerli sakinlər üçün əsl bayrama çevrilmişdi. Ancaq onların bu bayram sevinci bir o qədər də uzun sürmədi. Rəhbərlik Quzanlıda şəraitin olmamasından, stadionun ot örtüyünün bərbad olmasından narazı qaldıqları üçün yenidən Bakıya üz tutdular. Ancaq bu, bəhanədən başqa bir şey deyildi.
Bundan Quzanlı stadionunun direktoru Vaqif Balakişiyev də narazı qalmışdı. O, "Qarabağ" rəhbərliyinin pulu daha çox düşündüyünü, Qarabağ adından xərclədikləri puldan qat-qat qazanc götürdüklərini deyirdi: "Əmrah Çəlikəl deyir ki, meydançanın durumu pisdi, oynamağa yararlı deyil. Ancaq elə deyil. Stadionun ot örtüyünün yaxşı vəziyyətdə olmadığını mətbuat da, başqaları da bilirdi, ancaq işin, niyyətin rifahı naminə məsələ ciddi qabardılmırdı. Stadionun tikildiyi torpaq bir az şoranlıq idi deyə, orada ot örtüyünün həmişə yaxşı vəziyyətdə olması mümkün deyil. Bunun üçün meşədən torpaq gətirilməli və yeni toxumlar səpilməlidi. Bu da bir az pul aparacaq – 40-50 min manat. "Qarabağ"ın rəhbərliyi meydançanın normal vəziyyətə gətiriləcəyinə və oturacaqların sayının 2000 mindən 3000-ə çatdırılacağına söz vermişdi. Ancaq bunlara əməl olunmadı və stadiondan imtina etdilər. Klub rəhbərliyi bununla Qarabağı futbolsuz qoydu. "Qarabağ"ın Ağdama qayıtmasına Əmrah Çəlikəl mane oldu. O, özündən çox razıdı. Heç bizi saymırdı, bura gələndə heç kimlə salamlaşmırdı. Burada son oyundan sonra gecəylə gizli olaraq "Kamaz"ı stadiona sürüb qapıların torundan belə yığışdırıb apardılar. Soruşanda da dedilər ki, Əmrah bəy belə tapşırıq verib".
Maraqlıdı ki, "Ağdama gedib 4-5 oyun keçirib Avropaya çıxmamaqdansa, Bakıda normal nəticə qazanıb bütün Azərbaycan xalqını sevindirmək önəmlidi" deyən klub rəsmiləri çox uzaqda yox, elə eyni çempionatda rəqabət apardıqları "Xəzər Lənkəran"a baxıb nümunə götürməlidirlər. Çox şeydə yox, elə komandanın ev oyunlarını öz stadionunda keçirmək baxımından. Onlar da Avroliqada çıxış etdilər. Özü də 0:8 hesabı ilə biabırçı məğlubiyyətlə qarşılaşdılar. Ancaq bu hadisə öz meydanlarında baş verdi. Düzdü, Avroliqada çıxış zamanı ekranların üst hissəsinə və bukmeker cədvəllərində "Karabagh Aghdam" yazılması önəmlidi. Bir şey var ki, həyassızlıqları elə seçilən ermənilər dünya ictimaiyyətinə Qarabağı onların doğma torpaqları kimi sırımağa çalışırlar. Ancaq "Qarabağ" Quzanlıda şərait qurub Avroliqa oyunlarını öz torpağında oynasa idi, ən azından Makedoniya İsveç, Polşa və Almaniyada biləcəkdilər ki, Ağdama gedirlər, "Qarabağ"ın meydanına. Düzdü, onlar burada Bakı kimi gözəl mənzərə ilə qarşılaşmayacaqdılar. Elə bu zaman da izah etmək olardı ki, bura ermənilər tərəfindən işğal olunmuş bir yurdun cəmi 3 faizidi.
Bugünlərdə internet səhifələrini gəzərkən Xankəndindən yeni çəkilmiş fotoları ilə qarşılaşdım. Nə qədər acı olsa da, mənfur düşmənlərimiz tərəfindən talan olunmuş Xankəndi yenidən bərba olunub, müasir görünüşlü bir şəhərə çevrilib. Sonra isə Allahverdi Bağırovun işğalda qalan məzarının şəklinə baxdım. Şəkildə çox qəzəbli görsənir. Sanki Əmrah Çəlikəl və Tahir Gözəlin "Qarabağ"ı Ağdamdan, Quzanlıdan didərgin salınmasından narahatdı. Ancaq Çəlikəl və Gözəl komandanı işğal vaxtında topun-tüfəngin altında çıxış edərkən görmədiyi üçün bunları anlaya bilməzlər. Çünki "Qarabağ" "Azərsun Holdinq" üçün reklam vasitəsidi. Baxın, mənfur ermənilər özləri talan etdiyi Xankəndini yendiən bərpa edib, ancaq "Qarabağ" rəhbərliyi Quzanlıda abadlıq işi aparmaqdan, normal şərait yaratmaqdan çəkinirlər. Əvəzində sanki Ağdamı birdəfəlik itirmişikmiş kimi Suraxanıda baza tikirlər. Nələrinə lazım axı? Bu gün burdadılar, sabah çıxıb gedəcəklər. "Qarabağ" da onların uğurlu və ya uğursuz biznesi kimi xatirələrində qalacaq. Qarabağlılar Qarabağdan didərgin düşdüyü kimi, Qarabağa da "Qarabağ"a həsrət qalacaq.
EMİN SƏFƏROV





