“Çalışacağam ki, potensialımı tam ortaya qoyum. Hələ 33 yaşım var. Gücüm də, motivasiyam da yerindədir. Buna görə futbol oynamağa davam etməməyim üçün heç bir səbəb görmürəm. Gələcəyin nə gətirəcəyini indidən demək mümkün deyil. Son dünya çempionatında da 38-40 yaşlı futbolçuların uğurla çıxış etdiyini gördük. Mənim mövqeyimdə isə bir neçə il də yüksək səviyyədə oynamaq mümkündür”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Boluspor”un yeni transferi Elvin Yunuszadə deyib.

Təcrübəli mərkəz müdafiəçisi Türkiyə klubuna keçidindən  danışıb: “Menecerim vasitəsilə mənə təklif gəldi. Açığı, Asiya klublarından da maraq var idi. Amma Türkiyənin həm Azərbaycana yaxın olması, həm də mentalitetimizin oxşarlığı seçimimdə mühüm rol oynadı. Şəhər və klubun strategiyası ilə də yaxından maraqlandım. Düşündüm ki, hazırkı mərhələdə karyeram üçün ən doğru seçim Türkiyədə çıxış etməkdir. Komandanın əsas məqsədi liqada möhkəmlənmək və bacardığı qədər yuxarı pillələr uğrunda mübarizə aparmaqdır. Bunun üçün də ciddi şəkildə çalışırlar”.

33 yaşlı futbolçu baş məşqçi ilə ilk söhbətindən də bəhs edib: “Baş məşqçi ilə təkbətək söhbətimiz oldu. O, mənə güvəndiyini bildirdi və təcrübəli futbolçu kimi məndən böyük gözləntilərinin olduğunu dedi. Heyətdə gənc oyunçular çoxdur. Məşqçi də təcrübəli və gənc futbolçuların vəhdətindən ibarət balanslı kollektiv formalaşdırmaq istəyir”.

Yunuszadə “Boluspor” barədə ilk məlumatı vaxtilə burada oynamış həmyerlilərimizdən alıb: “Təklif alan kimi vaxtilə “Boluspor”da çıxış etmiş Vüsal İsgəndərli ilə əlaqə saxladım. O da klub və şəhər haqqında müsbət fikirlər söylədi. Bundan başqa, Araz Abdullayev də vaxtilə burada oynayıb. Hər iki futbolçumuz azərbaycanlı kimi klubda xoş təəssürat yaradıb. İnşallah, mən də bu ənənəni davam etdirərəm”.

Müdafiəçi Türkiyə çempionatında çıxış etməyin üstünlüklərindən də söz açıb: “Bu, mənim üçün yeni təcrübədir. Türkiyə böyük futbol ölkəsidir, burada güclü klublar və geniş rəqabət var. Düşünürəm ki, bu amillər futbolçu üçün yeni imkanlar yaradır. Burada çıxış etdikcə daha çox diqqət mərkəzində olursan. Çoxsaylı komandaların olması da mənim üçün üstünlükdür, çünki özünü göstərmək və daha çox oyun praktikası qazanmaq baxımından imkanlar artır”.

Sonda isə o, qarşıdakı hədəflərindən danışıb: “Mən futbolu hər zaman sevərək və böyük həvəslə oynamışam. Buraya da özümü maksimum dərəcədə göstərmək üçün gəlmişəm. Bundan sonrasını isə zaman göstərəcək. Burada yaxşı çıxış etdikcə yeni fürsətlər də yaranır. Mən də əlimdən gələni edəcəyəm ki, etimadı doğruldum və komandama maksimum fayda verim”.

GÜNAY SÜLEYMANOVA

Shares: