Avropa Liqasının 3-cü təsnifat mərhələsində Şotlandiya “Harts”ı ilə qarşılaşan “Benfika”nın pley-offdakı mümkün rəqiblərindən biri də Azərbaycan çempionu “Sabah”dır.
Futbolinfo.az xəbər verir ki, Portuqaliya mətbuatı potensial rəqiblər olan “Sabah” və Danimarka təmsilçisi “Orhus”u dəyərləndirib.
İlk matçların ardından “Sabah”ın buna daha yaxın olduğu proqnozlaşdırılır. Çünki Valdas Dambrauskasın yetirmələri səfərdəki ilk oyunda 1:2 hesabı ilə məğlub olub. Lakin bu, heç də portuqaliyalıların ürəyincə deyil. Çünki həmkarlarımız mümkün “Benfika” – “Sabah” cütünün əleyhinədir: “İlk növbədə ona görə ki, “Benfika” Azərbaycana uzun yol qət etməli olacaq. Avqustun 9-da Portuqaliya çempionatının başlayacağını da nəzərə alsaq, lissabonlular “Sabah” səfərinin ardından ciddi yorğunluq yaşayacaqlar. Bu isə həm avrokubokların, həm də çempionatın qarşıdakı matçlarına ciddi təsir göstərə bilər. Bu üzdən “Sabah”ı arzuolunmaz rəqib saymaq olar”.
Qeyd edək ki, Avropa Liqasının pley-off oyunları avqustun 20-də və 27-də keçiriləcək.
