İranın qadınlardan ibarət milli komandasının vətənə qayıtmaqdan imtina edən iki futbolçusu Avstraliya vətəndaşlığı alıb.
Xatırladaq ki, Avstraliyada keçirilən Asiya Kubokundan kənarlaşdırıldıqdan sonra İran millisinin 6 futbolçusu və bir əməkdaşı komandanın düşərgəsindən qaçıb. Avstraliya onlara sığınacaq və humanitar vizalar verib, lakin sonradan 5 iranlı qadın vətənə qayıtmaq qərarına gəlib.
Çərşənbə günü Avstraliyada qalan 34 yaşlı Atefe Ramezanisadə və 22 yaşlı Fatimə Pasandide vətəndaşlıq alıblar. Mərasimdə ölkənin daxili işlər naziri Toni Börk də iştirak edib.
Ramezanisadə bunun “həqiqətən xüsusi və unudulmaz gün” olduğunu bildirib. O, Avstraliya vətəndaşı olmaqdan qürur duyduğunu və dərin minnətdarlığını ifadə edib: “Bu anın əhəmiyyətini sözlərlə ifadə etmək mümkün deyil. Bu, yeni başlanğıcdır və qürurla evim adlandıra biləcəyim bir yerdir”.
Xatırladaq ki, bu İran futbolu adına ilk hal deyil. Bir müddət əvvəl İranı dünya çempionatlarında təmsil edən hakim Əlireza Fəqani də hazırda Avstraliya vətəndaşı kimi fəaliyyət göstərir.
