UFC-nin yarımorta çəki dərəcəsində (77 kq-dək) çempionu olan rusiyalı İslam Maxaçev turnirlərdən birinin Dağıstanda keçirilməsinə ümid etdiyini bildirib.
O, mümkün arena kimi Mahaçqaladakı “Dinamo” stadionunu göstərib: “Biz UFC turnirini Dağıstanda keçirməliyik. Əgər UFC həqiqətən burada turnir təşkil etsə, bunun üçün bizə “Dinamo” stadionu lazımdır. Stadionun tutumu 20 mindən çox tamaşaçıdır, UFC turnirlərinə isə təxminən 30 min insan gəlir. Düşünürəm ki, bu, ideal variant olardı”.
Hazırda Maxaçev UFC-də ardıcıl 16 qələbə qazanıb. Ümumilikdə onun aktivində 28 qələbə və 1 məğlubiyyət var.
Dağıstanlı döyüşçü sonuncu görüşünü Nyu-Yorkda keçirilən UFC 322 turnirində avstraliyalı Cek Della Maddalenaya qarşı keçirib. Qarşılaşmada UFC-nin yarımorta çəki üzrə çempionluq kəməri uğrunda mübarizə gedib. Döyüş Maxaçevin hakimlərin yekdil qərarı ilə qələbəsi ilə başa çatıb.
