Kiyev “Dinamo”sunun əfsanəvi futbolçusu və baş məşqçisi Yozef Sabo komandanın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi cavab oyunu ilə bağlı bədbin proqnoz verib.

Futbolinfo.az xəbər verir ki, 86 yaşlı mütəxəssis Ukrayna klubunun ilk matçdakı 1:0 hesablı qələbəsinə baxmayaraq, “Qarabağ”ın daha şanslı olduğunu düşünür.

Sabo “Dinamo”nun Bakıda məğlub olacağını hesab edir: “Bizimkilər uduzacaq. Nə qədər üzücü olsa da, buna demək olar ki, əminəm. “Qarabağ” obyektiv olaraq daha yaxşı komandadır. Onlar Bakıda, doğma meydanlarında oynayacaqlar. İlk matç göstərdi ki, “Qarabağ” sanki cavab görüşünü düşünərək oynayırdı. Topa yaxşı nəzarət edirdilər. “Dinamo” isə hazırda lazım olan məqamda toparlanıb istənilən rəqibə qalib gələ biləcək komanda deyil. Onlarda bu keyfiyyət yoxdur”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:00-da başlayacaq.

Shares: