“Neftçi” heyətini rumıniyalı vinger Sebastian Maylatla gücləndirə bilər. Hazırda Rumıniyanın “Botoşani” klubunun formasını geyinən 28 yaşlı futbolçu bir neçə gün öncə “Esperans”a satılan İmad Faraja əvəzedici gözü ilə baxılır.
Transfer dəyəri 400 min avro olan oyunçunun keçidi “Neftçi” tərəfindən təkzib olunur. Bakılıların düşərgəsindən aldığımız məlumata görə, Maylatla bağlı yayılan xəbərlər doğru deyil.
Maraqlıdır ki, yarımmüdafiəçi özü Azərbaycana gəlmək ehtimalı barədə danışarkən xəbəri təsdiqləyib. O, komandası Superliqanın beşinci turunda FCSB-yə dramatik matçda 2:3 yenildikdən sonra bu barədə danışıb. Sebastian “Botoşani”də son oyununu keçirdiyini bildirib: ”Neftçi” ilə danışıqlar aparılır, lakin bəzi detallar hələ dəqiqləşdirilməlidir və bu həftə hər şey aydınlaşacaq. Klublar anlaşıblar, qərar məndən asılıdır. Hələ ki, çamadanlarımı toplamamışam. Əlbəttə ki, bu, vacib addımdır. Ötən mövsüm yaxşı çıxış etdiyim üçün gözləntilərim var idi və irəliyə doğru addım atmaq istəyirdim. Şübhəsiz ki, güclü çempionata gedirəm. Əlimdən gələni edəcəyəm və futboldan zövq almağa çalışacağam”.
