Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq-da medalçılar müəyyənləşib.
Emin Cavadlı (55 kq) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.
Bununla da millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb.
Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) isə bürünc medal əldə edib.
Üçüncü yarış günündə həm də yunan-Roma güləşi üzrə 60 və 82 kq-da, qadın güləşi üzrə isə 50, 53 və 72 kq-da finalçılar müəyyənləşib.
Ayxan Cavadov (60 kq) yarışa inamlı start verib. Dünya çempionumuz fransalı Maqomed Varayevə tam üstünlüklə (9:0) qalib gələrək 1/4 finala yüksəlib. Təmsilçimiz braziliyalı Pedro Enrike de Souza Rodriqesi isə 6:2 hesabıyla üstələyərək adını yarımfinala yazdırıb. Ayxan yarımfinalda iranlı Əmirəli Heydərini minimal fərqlə (4:3) məğlub edərək ardıcıl 2-ci dəfə U20 dünya çempionatının finalına vəsiqə qazanıb. Cavadov sabah finalda özbəkistanlı Dostonbek Oripovla güləşəcək.
Elmin Əliyev (82 kq) ilk 2 görüşü vaxtından əvvəl qələbəylə başa vurub. Həmyerlimiz gürcüstanlı Luka Pipiya ilə yaponiyalı Rondo Kodamaya 8:0 hesabıyla qalib gəlib. Əliyev 1/4 finalda isə özbəkistanlı Bekmurod Rustamovu ilk xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırıb. O, finalın bir addımlığında belaruslu Kiril Valevskiyə 4:7 hesabıyla məğlub olub. Elmin sabah bürünc medal uğrunda güləşəcək. Rəqib ya Mohammed Şaban (Misir), ya İsmayıl Bərəkət (Türkiyə), ya da Severi Maeenpaeae (Finlandiya) olacaq.
Esra Məmmədli (53 kq) təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızıya uduzub – 1:7.
Mübarizəyə 1/4 finaldan qoşulan Zəhra Kərimzadə (72 kq) türkiyəli İlayda Çini “tuş” la yolundan kənarlaşdırsa da, finala gedən yolda hindistanlı Tanu Şarmayla bacarmayıb – 0:11. Zəhra həlledici qarşılaşmada Liliana Kazmina (Rusiya) – Petra Mueller (Macarıstan) görüşünün qalibiylə üz-üzə gələcək.
