İngiltərə Premyer Liqasında yeni mövsümün ilk turunda “Nyukasl” doğma meydanda “Liverpul” 2:2 hesablı heç-heçə etdikdən sonra mətbuat konfransında maraqlı bir an yaşanıb.

Belə ki, konfransdan əvvəl “Nyukasl”ın yeni baş məşqçisi Mattias Yayssle zaldakı bütün jurnalistlərlə əlbəəl görüşüb. Bununla almaniyalı mütəxəssis futbol aləmində “qara nişan” adlandırılan bir “tələ”yə düşüb. İnanclara görə, mətbuat konfransında bütün jurnalistlərlə əl sıxan baş məşqçilər mövsümün sonuna qədər vəzifədə qala bilmirlər.

Ötən mövsüm “Çelsi”nin baş məşqçisi olmuş Liam Rosenyor da ilk mətbuat konfransında jurnalistlərlə səmimi davranmış, lakin bundan dörd ay sonra klubdan qovulmuşdu. “Liverpul”un baş məşqçisi Arne Slot da ötən mövsüm uğursuz nəticələrdən sonra jurnalistlərlə əl sıxmış və çempionat başa çatdıqdan cəmi altı gün sonra vəzifəsindən ayrılmışdı.

“Nyukasl” Mattias Yaysslenin baş məşqçi təyin olunduğunu avqustun əvvəlində açıqlayıb. 38 yaşlı alman mütəxəssis 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu çalışdırırdı.

Shares: