“Fənərbağça”nın yarımmüdafiəçisi Matteo Genduzi Çempionlar Liqasının təsnifat mərhələsində Lion “Olimpik”inə qarşı keçirilən cavab oyunundan (2:1) sonra yaşanan insidentin səbəblərindən danışıb.

27 yaşlı fransalı futbolçu matçdan sonra qələbəni meydanda coşqu ilə qeyd edib. Əvvəllər Marsel “Olimpik”ində çıxış edən Genduzi tribunaya yaxınlaşaraq “İrəli, Marsel!” şüarını səsləndirib və azarkeşlərin qarşısında ədəbsiz jest edib. Bildirilirdi ki, lionlu azarkeşlər hələ oyundan əvvəl isinmə zamanı futbolçunu təhqir edərək təxribata çəkməyə çalışıblar və Genduzi buna orta barmağını göstərərək cavab verib: “Bilirsiniz, 60 min insan ailənizi, ananızı, övladlarınızı təhqir edəndə və nə hakimlər briqadasından, nə də stadiondakı başqa şəxslərdən onları susdurmağı xahiş edən olmayanda bu, həqiqətən ağırdır. Fransada belə hal baş verəndə hakimlərin azarkeşlərə yaxınlaşıb təhqirləri dayandırmağı tələb etdiyini bilirəm. Əks halda, matç hətta dayandırıla bilər”.

Futbolçu əlavə edib ki, “Olimpik” tərəfdarları isinmə zamanı da daxil olmaqla, 90 dəqiqədən çox müddətdə onun ailəsini təhqir ediblər: “Bu, həqiqətən mənə toxundu. Qələbəyə görə çox xoşbəxtəm. Məncə, zarafat etmək istəyirsinizsə, hörmət qarşılıqlı olmalıdır. Onlar ailəmə hörmətsizlik etdilər və bundan sonra istədiyimiz kimi qələbəni qeyd edə bilməməyimiz məncə, ayıbdır”.

Genduzi Marsel klubunun azarkeşi olduğunu heç vaxt gizlətmədiyini də vurğulayıb: “Hamı bilir ki, mən Marsel klubuna azarkeşlik edirəm və bunu heç vaxt gizlətməmişəm. Bu, sadəcə qarşılıqlı atmacadır”.

Shares: