“US Open”də qadınların yarışında ikinci mərhələ geridə qalıb.
“Böyük Dəbiqə” turnirlərinin 6 qat qalibi İqa Şvöntek argentinalı Nadya Podorşka ilə qarşılaşıb. 1 saat 11 dəqiqə ərzində Şvöntek kortda üstün oyun sərgiləməsi ilə yadda qalıb. Polşalı tennisçi ilk setdə 6:3 hesabı ilə qalib gəlib. Fasilədən sonra təzyiqi daha da artıran İqa kortu 6:2 hesablı qələbə ilə tərk edib. Görüş ərzində Şvöntek 4 breyk imkanı qazanıb və bunların 3-dən yararlanıb.
“Rolan Qarros” turnirinin qalibi Mirra Andreyeva da günü qələbə ilə başa vurub. 1 saat 3 dəqiqə davam edən oyunda Andreyeva ilk setdə ümumiyyətlə rəqibinə geym qazanmağa imkan verməyib. Fasilədən sonra isə 6:2 hesabı qeydə alınıb. Mərhələ adlamaq üçün rusiyalı tennisçiyə 6 breyk kifayət edib.
Reytinqdə 4-cü pillədə qərarlaşan Kori Qauff də adını 1/16 final mərhələsinə yazdırıb. İspaniyalı Paulu Badosa ilə matçda Kori 2 saat ərzində xeyli çətinliklə üzləşib. ABŞ təmsilçisi ilk hissədə 6:4 hesabı ilə uğur qazansa da, fasilədən sonra onun işi daha da çətinləşib. Qauff yalnız tay-brekdə istədiyini reallaşdırıb. Növbəti mərhələdə Kori daha bir ispaniyalı tennisçi Kristina Bukşa ilə qarşılaşacaq.
Yaponiyalı Naomi Osaka isə çexiyalı Katerjina Sinyakovanı mübarizədən kənarlaşdırmaq üçün daha çox əziyyət çəkib. O, ilk hissədə 6:2 hesabı ilə qalib gəldikdən sonra üstünlüyünü əldən verib – 5:7. Son bölümdə isə Sinyakovaya yalnız 1 geym qazanmağa imkan verən Osaka mərhələ adlayıb.

