“Qarabağ”ın macar müdafiəçisi Bence Varkoninin futbolinfo.az saytına müsahibəsi
– Son turda “Araz-Naxçıvan” üzərində 3:2 hesablı çətin qələbə qazandınız. Oyunu necə dəyərləndirərdin?
– Qalib gəldiyimiz üçün xoşbəxtik və ən vacib olan da budur. Oyuna gəldikdə, istədiyimiz və bacardığımız qədər yaxşı çıxış etmədik. Künc zərbələrindən iki asan qol buraxdıq. Ümumilikdə isə oyun ərzində yol verdiyimiz və minimuma endirməli olduğumuz səhvlər oldu. Bunun üzərində işləməliyik.
– “Qarabağ”ın daha yaxşı futbol oynamasına və hər matçda tam dominantlıq etməsinə öyrəşmişik. Doğrudur, sən komandaya yeni qoşulmusan, amma “Qarabağ” sanki bu mövsüm hələ tam olaraq öz oyununu tapa bilməyib. Səncə, yenilənmiş heyət nə zaman əsl gücünü ortaya qoyacaq?
– Çempionatda ilk üç oyunumuzun hamısında qalib gəlmişik. Əlbəttə, oyunun bütün komponentlərində daha yaxşı olmalıyıq. Topa sahib olduğumuz zaman oyunumuzun keyfiyyətini hər gün daha da artırmalıyıq. Düşünürəm ki, zaman keçdikcə daha yaxşı olacağıq və komanda öz optimal səviyyəsinə çatacaq.
– Hələlik yeni transferlər arasında ən stabil futbol nümayiş etdirən oyunçulardan birisən. Görünür, komandaya və Azərbaycana adaptasiya prosesin kifayət qədər sürətli keçib. Özün bu barədə nə düşünürsən?
– Bəli, mənim üçün uyğunlaşmaq çətin olmadı. İlk gündən hiss etdim ki, mənə güvənirlər. Mən də sadəcə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Komandaya faydalı olmaq və meydanda üzərimə düşəni yerinə yetirmək istəyirəm.
– “Qarabağ” bu mövsüm də həmişə olduğu kimi çempionluğa iddialıdır. Səncə, mövsümün sonunda bu məqsədə nail ola biləcəksiniz?
– Hazırda bizim əsas məqsədimiz budur və buna heç bir şübhə yoxdur. Azərbaycanda mümkün olan hər şeyi, bütün titulları qazanmaq istəyirik.
– Bu mövsüm avrokuboklarda iştirak etməmək komandanın motivasiyasına təsir etmir? Nəticədə “Qarabağ” 12 il ərzində ardıcıl olaraq avrokuboklarda qruplarda çıxış edib. Hazırda komandada ümumi ab-hava necədir?
– Əlbəttə, uzun illərdən sonra avrokubokların qrup mərhələsinə yüksələ bilməməyimiz klub və azarkeşlər üçün fərqli hissdir. Oyundan sonra məyus olduq, amma bu artıq keçmişdə qalıb. İndi isə çempionatda mübarizə aparmalıyıq və bütün diqqətimizi buna yönəltmişik.
– Növbəti turda “Zirə” ilə qarşılaşacaqsınız. Bu oyundan da qələbə ilə ayrılacağınıza inanırsan?
– Bəli, oyundan-oyuna irəliləyirik və yalnız növbəti matça fokuslanırıq. Səfərdə oynayacağıq və təbii ki, rəqib bizə qələbəni asanlıqla verməyəcək. Yaxşı hazırlaşmalı və özümüzə fokuslanmalıyıq. Amma səmimi desəm, bizim üçün yeganə yaxşı nəticə qələbədir. Ona görə də bunun üçün mübarizə aparacağıq.
CAVAD

