Ölkə futbolu

Mançesterdə sürpriz üçün nə etməli?

manchester united s benjamin sesko celebrates after scoring a goal against everton 1788710199922 1280x720 1 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

“Sabah” Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununu “Old Trafford”da “Mançester Yunayted”ə qarşı keçirəcək. Gözəl afişadır. Bu haqda pafoslu çox sözlər işlətmək olar. Rəqibin əzəməti və gücü göz qabağındadır. Amma “Babək” filmində Babəkin dediyi kimi, “silahlarına qibtə edərdim, amma vaxtım yoxdur”.

Bu komandanın mümkün qədər necə zərərsizləşdirmək olar? Keçək mətləbə…

Maykl Karrikin komandası Premyer Liqanın ilk üç turunda bir qələbə, bir heç-heçə və bir məğlubiyyət əldə edib. Həftəsonu  “Everton”la 2:2 hesablı heç-heçə hələ də gözümüzün önündədir. Əslində, bu nəticə “Yunayted”in hücum potensialının yüksək olduğunu göstərsə də, komandanın müdafiədə hələ tam sabitlik əldə etmədiyini də ortaya qoyur: “Everton” qarşısında iki dəfə hesabda önə keçən Mançester təmsilçisi üstünlüyünü qoruya bilməyib və 96-cı dəqiqədə qapısında qol görüb.

Karrikin əsas ideyalarından biri hücum xəttində futbolçuların sabit mövqelərə bağlı qalmamasıdır. Bruno Fernandeş nominal “10 nömrə” mövqeyində oynasa da, tez-tez cinahlara və yarımmüdafiənin müxtəlif zonalarına çəkilir, Mateus Kunya isə klassik mərkəz hücumçusu kimi cərgənin sonuncu oyunçusu olmaq əvəzinə geriyə doğru hərəkət edərək müdafiə ilə yarımmüdafiə arasındakı boşluqlarda top qəbul etməyə çalışır. Elə “The Guardian” da Karrikin Kunyanı “saxta doqquz” kimi istifadə etdiyini və bu zaman braziliyalının mövqeyini sərbəst dəyişdirdiyini qeyd edir. Buna görə “Sabah” üçün ən vacib məsələlərdən biri yalnız oyunçunu izləmək yox, onun yerinə yaranan boşluğu da dərhal bağlamaqdır.

Mançester komandasının digər ciddi silahı cinahlardır. Son “Everton” oyununda Markus Reşford sol tərəfdə fəal olub, Lük Şou ilə yaxşı anlaşma nümayiş etdirib və bir neçə epizodda rəqib müdafiəsini sürət hesabına keçib. “Sabah” Reşfordun qarşısında tək müdafiəçi saxlamaq əvəzinə həmin cinahda ikiqat sığorta qurmalıdır: cinah müdafiəçisi onun qarşısında dayanmalı, yaxın yarımmüdafiəçi isə Reşfordun içəriyə doğru istiqamətlənməsinə imkan verməməlidir. Əks halda, futbolçunun qarşısında birəbir vəziyyət yaranması “Sabah” üçün ən təhlükəli ssenarilərdən birinə çevrilə bilər. Bu ssenari ilə Entoni Qordon Bakıda “Qarabağ”ın başına oyun açmışdı…

Digər tərəfdə Brayen Mbuemo daha fərqli xüsusiyyətlərə malikdir. Kamerunlu futbolçu sağdan mərkəzə doğru hərəkət etməyə meyllidir və “Everton” qarşısında da qol epizodunu fərdi keyfiyyəti hesabına yaradıb. Ümumiyyətlə, bu futbolçu cinahda tamamilə xətt üzrə oynayan birisi deyil. Brayen daha çox içəriyə meyllənməsi ilə diqqət çəkir. Deməli, “Sabah”ın sol cinah müdafiəçisi Mbuemonu yalnız kənarda qarşılamamalı, onun içəriyə kəsdiyi zaman mərkəzdəki müdafiəçilərlə məsafəni də qoruyub saxlamalıdır.

Bruno Fernandeş isə ayrıca diqqət tələb edən futbolçudur. Portuqaliyalı yarımmüdafiəçi hücumların əsas yaradıcılarından biridir və onun qarşısında əsas məqsəd topu almaq üçün rahat zona buraxmamaq olmalıdır. Lakin Fernandeşi bütün oyun boyu fərdi qaydada izləmək “Sabah”ın müdafiə strukturunu poza bilər. Daha düzgün variant onun ötürmə bucaqlarını bağlamaq, xüsusilə Kunyanın geri çəkilməsi və cinahlardan içəri qaçışlar zamanı Fernandeşin qarşısında boş sahə yaranmasına imkan verməməkdir. “Everton”la oyunda da “Yunayted”in əsas hücum əlaqələrinin Fernandes, Reşford, Kunya və Mbuemo arasında qurulduğu görünürdü.

“Sabah” üçün maraqlı məqam “Yunayted”in müdafiə xəttindəki problemlərdir. Son oyunda komandanın müdafiə quruluşunda fərdi və kollektiv səhvlər diqqət çəkib, xüsusilə cinah müdafiəsində boşluqlar yaranıb. Bu səbəbdən “Sabah” topu qazandıqdan sonra uzun müddət öz yarımmeydanında qalmağa çalışmamalıdır. İlk ötürmə mümkün qədər sürətli şəkildə boşalan cinahlara və ya “Yunayted”in müdafiə ilə yarımmüdafiə arasındakı sahəsinə yönəldilməlidir. Mançester təmsilçisinin müdafiəçiləri irəli çıxdıqda onların arxasında yaranan boşluqlardan istifadə etmək “Sabah”ın ən real əks-hücum imkanlarından biri ola bilər.

Xüsusilə Harri Maquayr və Lisandro Martines kimi fiziki gücü yüksək mərkəz müdafiəçilərinə qarşı topu birbaşa onların üzərinə uzun ötürmələrlə göndərməkdənsə, onları mövqelərindən çıxarmaq daha səmərəli görünür. Bunun üçün hücumçuların bir-birinə yaxınlaşıb qısa ötürmələrlə kombinasiyalar qurması və daha sonra sürətli şəkildə cinaha açılması vacibdir. “Yunayted”in müdafiə xətti irəlidə qurulduqda isə arxaya atılan dəqiq ötürmə onların mərkəz müdafiəçilərini geriyə qaçmağa məcbur edə bilər.

Karrikin komandası müdafiə olunarkən mərkəzi kompakt saxlamağa və rəqibi müəyyən hallarda cinahlara yönləndirməyə çalışır. Buna görə “Sabah”ın hücum qurarkən mərkəzdə çoxlu sayda futbolçu toplaması təhlükəlidir. Daha məqsədəuyğun variant müdafiə blokunu əvvəlcə bir tərəfə çəkib, sonra oyunu sürətlə əks cinaha dəyişməkdir. Belə vəziyyətdə “Yunayted”in cinah müdafiəçilərinin mövqedən çıxması və arxalarında boşluq buraxması ehtimalı artır.

“Sabah”ın digər mühüm vəzifəsi ilk dəqiqələrdə oyunu emosional tempə çevirməməkdir. “Old Trafford”un atmosferi və “Yunayted”in fərdi səviyyəsi səbəbindən meydan sahiblərinin ilk dəqiqələrdə yüksək təzyiq göstərməsi gözləniləndir. Azərbaycan çempionunun həmin mərhələdə əsas məqsədi topu irəli vurmaq yox, ilk pressinqi bir neçə dəqiqə ərzində düzgün ötürmələrlə keçmək və oyunun tempini aşağı salmaq olmalıdır.

Burada “Sabah”ın lehinə başqa bir amil də var: “Mançester Yunayted”i həftəsonu Mançester derbisi gözləyir. Premyer Liqanın rəsmi təqviminə əsasən, “Yunayted” sentyabrın 13-də “Mançester Siti”ni qəbul edəcək və bu görüş “Sabah”la Çempionlar Liqası matçından cəmi 3 gün sonra keçiriləcək. Üstəlik, Karrikin komandası çempionata ideal başlanğıc etməyib və üç turdan sonra cəmi dörd xal toplayıb. Buna görə derbinin onlar üçün turnir və psixoloji baxımdan xüsusi əhəmiyyət daşıması mümkündür.

Bu amil Karrikin “Sabah”a qarşı geniş rotasiyaya əl atacağı anlamına gəlmir, amma belə ehtimalı nəzərə almaq lazımdır. Xüsusilə heyətdə “Mançester Siti” ilə oyuna qədər fiziki yükü azaltmaq istənilən əsas futbolçular varsa, “Sabah” üçün matçın gedişində bundan istifadə etmək imkanları yarana bilər. Eyni zamanda “Sabah” bu ehtimala həddindən artıq güvənməməlidir: “Yunayted”in ehtiyat heyətində belə Amad Diallo, Kobbı Mainu, Patrik Dorqu, Benjamin Şeşko və digər yüksək səviyyəli futbolçular var.

Ümumilikdə “Sabah” üçün ən düzgün oyun planı “Yunayted”ə topu tamamilə verməmək, lakin meydanın hər yerində də yüksək pressinqə cəhd göstərməməkdir. Kompakt orta blok, Bruno Fernandeşin mərkəzdə rahat top qəbul etməsinə imkan verməmək, Reşford və Mbuemonun cinahdan içəri keçidlərini ikiqat sığortalamaq və top qazanılan kimi sürətli əks-hücuma çıxmaq əsas prinsiplər olmalıdır. Əgər “Sabah” bu dörd məsələni düzgün yerinə yetirə bilsə, “Old Trafford”da fərdi keyfiyyəti açıq şəkildə yüksək olan rəqibin hücumlarını müəyyən qədər neytrallaşdırmaq və onun müdafiədəki boşluqlarından istifadə etmək üçün real imkan əldə edər.

TAHİR MİRZƏ

Shares: