“Xəzər Lənkəran”ın braziliyalı yeni transferi Elias Ribeyronun Futbolinfo.az-a müsahibəsi
– Elias, ölkəmizə xoş gəlmisiz. Öncə, gəlişin necə baş tutdu, bu haqda məlumat verərdiz.
– “Xəzər Lənkəran”dan çox yaxşı təklif aldım və bura gəldim. Azərbaycana tarix yazmaq üçün gəlmişəm. Hazırda əla motivasiyalıyam və əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Bax, gəlişim belə baş tutdu.
– Rəsmi müqaviləyə imza atdın? Eşitdiyimə görə, klubun ofisində olmusan, ancaq sözləşmə imzalamamış oranı tərk etmisiz…
– Artıq klubumla müqavilə imzalamışam. Başqa bir şey yoxdu. 1.5 il “Xəzər Lənkəran”dayam.
– Transferiniz elə də asan reallaşmadı…
– Ciddi bir problemin olduğunu deyə bilmərəm. Mən özüm bura gəlməyə razı idim. Sadəcə “Atletiko Paranense” klubu ilə bir iki məsələmiz var idi ki, onu da həll edə bildik. Hər şey yaxşı oldu. Artıq danışmışıq, razılaşmışıq, bir problem yoxdu.
– Yeni komandanın oyununa baxdın. Nə gördüz?
– “Xəzər Lənkəran” ilk baxışdan yaxşı göründü. Komandamızın səfərdə Premyer Liqanın liderinə qarşı belə oynması yaxşı haldı. Təbii ki, hazırlıqlardan sonra hər bir komandada çatışmazlıqlar olur. Bu da yeni futbolçuların gəlməsi ilə bağlıdı. Təzə gələn futbolçular adaptasiya olmalıdı. Komandama kömək etməyə gəlmişəm. Hər şey edəcəm ki, “Xəzər Lənkəran” uğur qazansın.
– Bu komandada sənin oynayacağın mövqedə problem var. Bu çatışmazlığı həll edə biləcəksiz?
– Hər şeydən xəbərim var. Komandaya nəyə görə lazım olduğumu da çox yaxşı anlayıram. Mən professional futbolçuyam. İşim meydanda hücumçulara qol vurmaq üçün kömək etməkdi. Bu problem həll etməyə çalışacağam.
– Azərbaycanda oynayan braziliyalılardan kimi tanıyırdız?
– “Qəbələ”nin qapıçısı Dieqo Kostanı tanıyıram. Məndən əvvəl burda dostum Rodriginyo çıxış edib. “Xəzər Lənkəran”dan isə təkcə Deyvid Sakkonini tanıyıram. Bilirəm ki, o da bura təzə gəlib. Ümidvaram ki, yaxın gələcəkdə kollektivdə yer alan oyunçularla münasibət yaranacaq.
– Ölkəmizə gəlməzdən öncə kimlərlə söhbət etdiz?
– İlk öncə elə “Xəzər Lənkəran”da oynayan Deyvid Sakkoni ilə söhbət etdik. O, mənə bura gəlməyi məsləhət gördü.
– Əyalətdə yaşamaq sizə problem olmayacaq ki?
– Bura təzə gəlmişəm. Oteldə qalıram. Çox güman ki, Lənkəranda yaşayacam.
– Azərbaycan və Braziliya çempionatı arasında fərq böyükdü?
– Təbii ki, arada müəyyən fərqlər var. Məsələn, burda komandalar daha çox taktiki cəhətdən güclüdülər. Braziliyada isə futbolçulara meydanda tam sərbəstlik verilir. Fərdi ustalıq ön plana keçir. Azərbaycan çempionatı inkişafdadı. İnanıram ki, ildən-ilə daha da yaxşı olacaq.
ELSEVƏR





