"Kəpəz"in prezidenti Mehman Allahverdiyevin futbolinfo.az saytına müsahibəsi
– "Kəpəz"in qış toplanışı necə keçdi?
– Toplanışın normal keçdiyini demək olar. 3 yoldaşlıq görüşü keçirdik. Bir dəfə "Turan-T"-yə məğlub olduq. İkinci dəfə qalib gəldik. Bir də Mingəçevir də "Şahdağ"la qarşılaşdıq və qələbə qazandıq. Məşqlər də hazırda davam edir. Sadəcə bir az çətinliklərimiz var. Bu da havalarla bağlıdı. Stadion qarla örtülüb, istilik sistemi sıradan çıxıb, su turbaları partlayıb. Bunlar da meydanın yararlı hala gətirilməsi üçün problem yaradır. Axşamlar 12 dərəcə şaxta olur, hər tərəf buzdu. Bu səbəbdən ehtiyat meydançada məşq edirik.
– Bu problemlə bağlı Peşəkar Futbol Liqasına hər hansı bir müraciət edilib?
– Qarın təmizlənməsi hamısı bizlikdi. Onlar gəlib qar təmizləyəsi deyillər. Stadionun dəyişdirilməsi ilə bağlı danışıqlar apardıq. Mingəçevirdə oynayacağıq. Tovuzda da meydan qarın altındada qalıb.
– Fasilədən öncə müsahibənizdə komandada yaxşı futbolçuların olmamasını yayda 2-3 günə toplaşmaqla əlaqələndirmişdiniz. Qış transfer pəncərəsində bu problem aradan qalxıb?
– Bu transfer pəncərəsində dəyişiklərimiz oldu. Lakin hamı bilir ki, heç bir klub öz güclü futbolçusunu qışda buraxmır. Bacardığımız qədər transfer etmişik. Fasilədə çətinliyimiz olur, hansına müraciət etdiksə, vermədilər. MOİK-dən, "Turan-T"-dən yeni futbolçularımız gəlib. Bizə lazım olan futbolçuları ala bilmədik. Yaxşı futbolçu almaq üçün yayı gözləmək lazımdı. Amma əvvəlki heyətə baxanda indi komanda normaldı.
– Qeyd etdiniz ki, ürəyiniz istəyən futbolçuları ala bilmədiniz. Bu məsələdə maddi problem də rol oynadı?
– Maddi tərəfdən o qədər də çətinliyimiz yoxdu. Divizionla Premyer Liqa bir deyil. Gəncədə belədi ki, hər şeyə vəsait tələb olunur. Adicə stadiondakı su xətlərini düzəltmək üçün külli miqdarda vəsait tələb olunur. Bundan başqa komandanın avtobusu yoxdu, icarəyə götürürük. Elə bir klub yoxdu ki, maddi çətinliyi olmasın. Hələ ki, vəziyyətimizi normal adlandırmaq olar.
– Məlum məsələdi ki, "Kəpəz"in büdcəsi çox da yüksək deyil…
– Təbii ki, 1-ci divizionda 1-2 komanda var ki, onların yaxşı büdcəsi var. Gərək klubun sponsoru ola ki, yaxşı da büdcən olsun. Amma hər şeylə ayaqlaşmaq lazımdı.
– Büdcə az, sponsor da yox. Bəs klubun xərcləri necə ödənilir?
– Xərclərin ödənilməyi deyəndə, hansı klub bunu deyər? Bu, klubun daxili işidi, demək düzgün olmazdı.
– "Kəpəz" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Qış toplanışı, yeni transferlər komandanı bu pillədən xilas edə biləcək?
– Mən inanıram ki, biz 14-cü yerdən xilas olacağıq. Toplanış da göstərdi ki, hər şey müsbət olacaq. Komandada əhval-ruhiyyə də yüksəkdi.
– Vidadi Rzayev getdi, Azər Məmmədov gəldi. Məmmədov getdi, yenidən Rzayev gəldi. Bu gedişin və qayıdışın səbəb nə idi?
– Azər Məmmədov Mingəçevirdəki məğlubiyyətindən sonra gəldi dedi ki, komanda zəifdi. Ayrılmaq istəyirəm və bu mənim qəti fikrimdi. Qərarını açıqladı və istefa verdi. Biz də başqa yerdən məşqçi gətirəsi deyilik. Vidadi Rzayev vaxtilə deyirdi ki, bu heyətlə kim komandanı yaxşı yerə çıxartsa, mən o məşqçinin əlindən öpərəm. Biz Rzayevlə danışdıq, ona başa saldıq ki, acıq etməyə dəyməz. O adi məşqçi deyil. Bir çox klublarda işləyib. Biz də bunları nəzərə alıb, Vidadi müəllimlə danışıqlar apardıq və yenidən komandaya qayıtdı.
– Rzayevlə əməkdaşlıq yenə müvəqqəti olacaq, yoxsa uzun müddət "Kəpəz"in baş məşqçi postunda qalacaq?
– Xeyr, biz Vidadi müəllimlə müvəqqəti əməkdaşlıq düşünmürük. İnşallah Rzayevlə yolumuza davam edəcəyik və yayda daha güclü həyətə malik olacağıq.
RÖVŞƏN ƏHLİMANOĞLU





