Topaz Premyer Liqasının 20-ci turunda keçirilən "Rəvan" – "İnter" qarşılaşması qalmaqalla başa çatıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb matçın 90+4-cü dəqiqəsində meydan sahiblərinin qapısına bir qədər mübahisəli penaltinin təyin olunması olub.
Daha doğrusu, qonaqların forvardı Vaqif Cavadov bu penaltini yerinə yetirdikdən sonra "bankirlər"in ehtiyat oyunçular skamyasında əyləşən oyunçular və məşqçilər meydana qaçıblar. Onların arasındakı bəzi gürcülər isə xoşagəlməz jestlərlə yadda qalıblar. Xüsusilə "İnter"in qapıçısı Georgi Lomayanın tərbiyəsiz jesti aranı qarışdırıb. Onun bu hərəkətini görən "Rəvan"ın ehtiyat oyunçular skamyasında əyləşənlər də buna etiraz edincə ara qarışıb. "Aslanlar"ın köməkçi-məşqçisi Fizuli Məmmədov hətta Lomaya ilə dalaşmağa da cəhd edib. Lakin qarşılaşma bitdikdən sonra onların səmimi şəkildə qucaqlaşıb ayrılması diqqətdən yayınmayıb.





