Layihə
Hər uğurun arxasında ambisiya, əzm və çalışqanlıq durur
Azərbaycan milli komandası seçmə mərhələdə ilk qələbəsini qazandı. Futbolçularımız tarixi ənənəni davam etdirərək minimum planı yerinə yetirdi.
Əslində, püşkdən sonra Estoniya ilə eyni qrupa düşərkən bunun gerçəkləşməməsi inandırıcı görünmürdü. Lakin evdə keçirilən oyunda milli komandamız estonları məğlub edə bilməmişdi. Məhz həmin oyundan sonra, onsuz da çox olan tənqidlərin sayı bir qədər də artmışdı. Bu da başadüşüləndir. Azərbaycan milli komandası hansı vəziyyətdə olmasından asılı olmayaraq, Estoniyanı məğlub etməlidi. Bunu həm futbol ənənələrindəki ciddi fərq, həm də futbola ayrılan pullarla əlaqələndirməliyik.
Estoniya heç bir zaman öz futbolu ilə seçilməyib. Pribaltika ölkəsindən buvaxta qədər çıxan futbolçuların hamısını bir yerə toplasaq, bir Nazim Süleymanov eləməz , o ki qalsın Ələkbər Məmmədov və ya Anatoli Banişevski. Ancaq əfsuslar olsun ki, milli komandamızın oyunu həm futbol azarkeşlərinin gözlənti səviyyəsini aşağı salıb, həm də sevincini azaldıb.
Xoşbəxtlikdən səfərdə qazanılan qələbə müəyyən qədər seçmə mərhələnin uğursuzluq dərəcəsini azaldır. Hər püşkatmadan sonra futbol həvəskarları qarşıdakı tsiklə böyük ümidlərlə baxsalar da, onların üzərindən dərhal xətt çəkilir. Bunun səbəblərini izah etmək fikrimiz yoxdur. Belə ki, 21-ci əsrdə bu barədə kifayət qədər yazılıb və söylənilib. Artıq tənqid edənlər də eyni sözləri, eyni insanları və eyni qurumları danlamaqdan yorulub. Təəssüf ki, tənqid və iradlara baxmayaraq, heç bir irəliləyiş yoxdur.
Ən kədərləndiricisi odur ki, tunelin o biri ucunda işıq da görünmür. Bu gün futbolumuza geniş nəzər yetirdikdə eyni ilə 20-25 il əvvəlki vəziyyəti görürük. Yenə də ümidlər, qarşıya qoyulan perspektiv planlar və boş-boş danışıqlar. Elə bir təsəvvür yaranır ki, hamı böhrandan çıxmaq yollarını bilir və bunun üçün iş görür. Media tənqidlərini yağdırır, həll yollarını göstərir, cavabdeh qurum olan AFFA da fəaliyyətinin hesabatını verərək nə qədər çalışdığını nümayiş etdirir. Ortaya isə bir nəticə çıxmır. Artıq milli komanda və AFFA-ya edilən tənqidlər də mənasız hal alıb. Eyni şeylərin təkrarı illərdir ki, dövrü hala çevrilib.
Milli komanda ilə əlaqəli ən çox müzakirə edilən mövzulardan biri hər zaman baş məşqçi olub. Son illərdə müxtəlif ölkələrdən gələn mütəxəssislər görmüşük. Ancaq nəticələrdə ciddi bir fərq yoxdur. Canni de Byazi də gətirilərkən xilaskar kimi təqdim edilmişdi. Albaniya milli komandası ilə qazandığı uğur onu Azərbaycan futbol ictimaiyyətinin gözündə sehrbaza çevirmişdi. Ancaq bunun həqiqətdən uzaq olduğu çoxdan aşkara çıxıb. Deməli, Albaniya milli komandası ilə qazanılan uğurun memarı de Byazi deyilmiş.
Dünyada uğurlu nəticə əldə edən kifayət qədət zəif baş məşqçilər var. Burada onları sadalamağın mənası yoxdur. Bir baş məşqçinin keyfiyyətini bilmək üçün ayrıldığı komandanın sonrakı nəticələrinə baxmaq lazımdır. Nəzərə almalıyıq ki, milli komanda səviyyəsində baza yaratmaq və oyun dəsti-xəttini quraşdırmaq da mümkün deyil. Yəni milli komandanın baş məşqçisi perspektivə işləməməlidir. O, nəticəni indi və burada verməlidir. Albaniya milli komandasının bu gün elə də asan olmayan qrupda (Polşa, Çexiya, Moldova və Farer adaları) liderlik etməsi və Avropa çempionatına vəsiqəni 99% əldə etməsi, nailiyyətlərin təkcə italyan mütəxəssisdən asılı olmadığını sübuta yetirir. Deməli, səbəb Albaniya futbolunda yetişən futbolçularda və onların milli komandada hansı istəklə oynamasındadır.
Ən çox müzakirə edilən mövzulardan biri futbolçuların milli komandada qazanc əldə etməsi üçün oynamalarıdır. Azərbaycan millisində bu məsələ daha qabarıqdır. Belə ki, hətta məğlub olduqları oyunlarda mükafat almaları hər kəsə məlumdur. Burada futbolçular günahlandırılmamalıdır. Doğrudur, vətənpərvərlik hissinin ülviliyini heç kim inkar etməyib. Ancaq məsələyə futbolçunun gözündən də baxmaq lazımdır.
Peşəkar karyeranın ömrü uzun olmur. Bu qısa müddət ərzində futbolçu qalan həyatını da düşünməlidir. Məhz buna görə ən azından onlar qınaq obyekti olmamalıdırlar. Digər milli komandalarda da belə mükafatlandırmalar mövcuddur. Burada məsələ futbolçuların özlərini göstərmələridir. Milli komandaların oyunu böyük bir səhnədir. Burada oynayıb özlərini göstərməklə futbolçu səviyyəli müqavilə qazana bilər. Albaniya millisinin futbolçularında məhz bu hiss daha qabarıqdır. Belə bir hissin bizim futbolçularda da olması milli komandaya yardım edə bilər.
Bu gün Azərbaycan futbolunun ən böyük bəlalarından biri futbolçularımızda irəliləmək istəyinin aşağı olmasıdır. Doğrudur, bunu bütün futbolçulara aid etmək olmaz. Aralarında rahat şəraiti qoyub karyera irəliləyişi üçün çətinliklərə atılanlar da var. Məhz belə bir halın kütləviləşməsi bizim futbolumuzu xilas edə bilər. Hər nə qədər uşaq futboluna diqqət ayırsaq da, onların inkişafı üçün gözəl şərait yaratsaq da, psixolgiya dəyişməyənə qədər sərf edilən əmək faydasız qalacaq. Təkcə istedadla nəyəsə nail olmaq mümkünsüzdür. Çünki hər bir uğurun arxasında ambisiya, əzm və çalışqanlıq durur. Ümid etmək lazımdır ki, futbola kənardan baxanlarda, onu idarə edənlərdə olan ambisiya meydana çıxanlarda da tapılacaq.
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”