DÇ-2006-nın finalında Fransa və İtaliya yığmaları arasındakı görüşün baş hakimi Orasio Elisondo Marko Materatsiyə qarşı kobudluqdan sonra Zinəddin Zidanı meydandan qovması barədə ilk dəfə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, referinin açıqlamaları böyük diqqət çəkib:
“Əlbəttə, mətbuatın reaksiyasına görə mən necə vacib qərar verdiyimi anladım. Etiraf edim ki, Zidana qırmızı vərəqə göstərəndə bunu anlamırdım. Hamı kimi o da komandanın adi futbolçusu idi. Mənə o an hər şeyi qulaqcığın köməyi ilə bildirdilər, Materatsi yerə yıxılan zaman top meydanın əks tərəfində idi, ona görə də oyunun gedişatını izləyirdim. Mən əl ilə oyun qeydə aldım. Oyun meydanın Materatsinin uzandığı tərəfinə keçdi. Materatsi ayağa durmurdu. Mən gözlədim ki, dursun, lakin o uzanmışdı və oyunu dayandırmaq qərarını verdim. Köməkçimdən (Dario Qarsiya) soruşdum: “Dario, ona nə olub, niyə Materatsi yerdədir? Cavab olaraq mənə dedi ki, heç nə görməmişəm. Sonra mən digər yan hakimdən (Rodolf Otero) soruşdum, lakin o da heç nə görmədiyini bildirdi. Qulaqcıqda mən ehtiyat hakim Luis Medina Kantalexonun səsini eşitdim: "Orasio, mən gördüm, Zidan kobudcasına Materatsinin sinəsinə kəllə ilə vurdu. Materatsi yıxıldığı yerə yaxınlaşanadək mənə artıq kifayət qədər məlumat vermişdilər. Kantalexodan Zidanın Materassini niyə vurduğunu soruşdum, o isə ancaq Zidanın zərbə vurduğu anı gördüyünü dedi.
Buffon və Qattuzodan başqa, digər oyunçular da nə baş verdiyini anlamırdılar. Çünki mənim kimi, onlar da heç nə görməmişdilər. Nə qərar verəcəyimi tez fikirləşməliydim. Zidan sakitcə yanımda dayanmışdı. Mən rahat qırmızı vərəqə verə bilməzdim axı, hamı gördü ki, meydanın əks tərəfində idim və heç nə görməmişəm. Mən yan hakimə yaxınlaşdım və dedim: “Dario, diqqətli ol”. Eyni sözləri özümə də dedim: “10 dəqiqə qalıb, diqqətli ol. Və Zidana yaxınlaşaraq ona qırmızı vərəqə göstərdim. O vaxt hakimlər üçün qulaqcıqlar yeni tətbiq olunurdu. Hamıya məlumdu ki, əgər hakim yan xətt hakiminə müraciət edirsə, deməli, ondan nəsə soruşur. Darionun heç nə görmədiyini bilirdim. Mənim ona yaxınlaşmağım da sanki bir pərdə idi".
Qeyd edək ki, sözügedən matç həm də Zidanın karyerasını bitirdiyi matç olmuşdu.






