UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün “Liqeni” ilə qarşılaşan “Araz”ın (Naxçıvan) heyətində dubl edən İsa Atayev Azərbaycan Futzal Federasiyasının rəsmi saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • Dubl etdiyin oyunla bağlı hansı məqamları qeyd etmək istərdin?
  • Maraqlı qarşılaşma oldu. Yaxşı başlamışdıq. Düzdür, elit-raunda çıxmaq baxımından görüş komandaların heç biri üçün əhəmiyyət kəsb etmirdi. Sadəcə, reytinq xalları qazanmaq üçün mübarizə aparırdı hər iki tərəf. Ardıcıl 4 qol vurduq, sonra bir qədər rahatlaşdıq və fərq 2 topa endi. Amma ikinci hissədə 6:2 hesabı ilə öndə olduğumuz matçı yekunda heç-heçə bitirməyimiz… Nə baş verdi anlamadım, sanki 30 dəqiqə biz oynadıq, son 10 dəqiqədə onlar bunun əvəzini çıxdılar.
  • Futzalda 4 top fərqi elə də üstünlük sayılmır. Bu qədər arxayınlaşmağa əsas nə idi?
  • Fikirləşdik ki, 4 top fərqi ilə irəlidəyik, yəqin yenə vuracağıq. Amma qolları tez-tez buraxdıq. Hansı ki, qalib gəlməyimiz mümkün idi.
  • Elit-raunda yüksəlmək baxımından heç bir əhəmiyyət daşımaması oyuna konsentrasiyanı azaltmamışdı?
  • Motivasiya baxımından mənfi təsir göstərdi. Birinci oyundakı konsentrasiya bu matçda olsaydı, bunları fərqli hesabla yenərdik.
  • Kosovo çempionunun fərqli tərəfi nə idi?
  • Fərdi oyunçuları seçilirdi. Driblinqləri yaxşıdır, təkbətək epizodlarda təhlükəlidirlər. Amma futzal dili ilə desək, hansısa taktikadan danışmaq yersizdir. Çox boşaldıq. Qolları buraxdıqca da, ruhdan düşdük.
Shares: