II Liqanın 14-cü turunun bu gün keçirilməli olan “Şahdağ Qusar” – “Kür-Araz” oyununun keçirilmədiyini xəbər vermişdik. Buna səbəb qonaq komandanın təyin olunmuş vaxtda stadiona çata bilməməsidir.

Meydan sahibi komanda və oyun rəsmiləri vaxtında stadionda olublar və arenanın oyun üçün tam hazır vəziyyətdə olduğu bildirilib.

İlkin məlumatlarda matçın baş tutmamasının səbəbi “Kür-Araz” rəhbərliyində yaşanan problemlərlə əlaqələndirilirdi. Lakin dəqiqləşdirmək üçün əlaqə saxladığımız komandanın kapitanı Elnur Məmmədov başqa səbəb dedi. O, oyuna yollansalar da, güclü qar səbəbindən Şamaxı ərazisində avtobusun hərəkət edə bilmədiyini və buna görə də geri qayıtmaq məcburiyyətində qaldıqlarını dedi. Məmmədov əlavə olaraq rəhbərliklə heç bir problem yaşamadıqlarını bildirdi.

GÜNAY SÜLEYMANOVA

Shares: