“Sərhədçi” Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin 3-cü görüşündə ötən gün “Sumqayıt”a 96:94 hesabı ilə qalib gələrək pley-offa vəsiqə qazandı.

Futbolinfo.az xəbər verir ki, komandanın ən yaxşısı isə Antonio Uliyams oldu. O, 31 xal 14 xal ötürməsi və 12 ribaundla yadda qaldı. ABŞ-li basketbolçu komandanın çıxışı və qarşıdakı oyunlarla bağlı klubun mətbuat xidmətinə müsahibə verib.

– Ötən gün “Sumqayıt”la pley-in mərhələsinin 3-cü matçında çətin qələbə qazandınız. Matçla bağlı fikirlərin necədir?
– Düşünürəm ki, 4 hissənin 3-də yaxşı oynadıq. Fikrimcə, matçın sonları daha gərgin idi. Biz isə sərtlik və birlik nümayiş etdirdik. Buna görə də qələbə qazana bildik.

– Bu qalibiyyətin əsas motivasiya mənbəyi nə idi?
– İkinci matçı uduzmaq əslində bizə motivasiya oldu. Daha çox qələbə qazanmaq istəyi yarandı. Uduzmağı heç sevmirəm.

– Elə həmin məğlubiyyətdən danışaq. İlk oyundakı inamlı qalibiyyətdən sonra həmin məğlubiyyət gözlənilməz idi…
– Düşünürəm ki, 1-ci oyunda o qədər xal fərqi ilə qalib gəldikdən sonra ikinci matçda rəqibi düzgün qiymətləndirmədik. Nəticədə məğlub olduq və rəqib həmin oyunda qələbəyə layiq idi.

– Seriyanın 3 oyuna qədər uzanması növbəti görüşdə yorğunluq yarada bilər?
– Komandamız yorğun ola bilər, biz də oyunçu olaraq yorula bilərik. Amma növbəti seriyada qələbə üçün meydana çıxmalıyıq. Başqa yolumuz yoxdur.

– Növbəti mərhələdəki rəqib “Sabah”dır və sabah onlara qarşı ilk oyununuzu keçirəcəksiniz. Qələbə şansı nə qədərdir?
– Mənə elə gəlir ki, hər oyunda qalib gələ bilərik. Sadəcə olaraq, öz oyunumuzu göstərməliyik.

Shares: