Basketbol üzrə Avroliqada mövsümün əsas rəmzi komandası açıqlanıb.
İlk beşlik baş məşqçilər (35%), komanda kapitanları (35%), media (20%) və azarkeşlərin (10%) daxil olduğu səsvermə yolu ilə seçilib.
Siyahıya bu basketbolçular daxil edilib:
“Panatinaikos”un müdafiəçisi Kendrik Nann
“Olimpiakos”un hücumçusu Aleksandr Vezenkov
“Paris”in müdafiəçisi T.J. Şort
“Fənərbağça”nın hücumçusu Naycel Heys
“Bayern”in müdafiəçisi Karsen Edvards
Kendrik Nann qazanılan xal (21,1) və üçxallıq atışlara görə (hər oyun üçün 3,1) Avroliqada birinci olub. O, 16-cı turda “Milan”a qarşı matçda karyerasının ən yüksək göstəricisinə imza ataraq 39 xal yığıb. Mövsüm ərzində Kendrik 4 dəfə 30+ xal toplayıb. Nann üç dəfə turun MVP-si seçilib və fevralda ayın MVP-si mükafatını alıb. Amerikalı karyerası ərzində ikinci dəfə ilk beşliyə daxil edilir.
Aleksandr Vezenkovun oyun ərzində orta göstəriciləri belə olub: 20,2 xal, 6,6 ribaund və 24,5 effektivlik reytinqi. Sonuncu göstəricidə o, liqada birinci yeri tutub. Vezenkov 20 xal həddini bu mövsüm 15 dəfə keçib. 20-ci turda “Bayern” ilə oyunda 45 xal toplayıb. Bu da Avroliqa tarixində üçüncü ən yaxşı nəticədir. Vezenkov beş dəfə turun MVP-si seçilib. Yanvar ayında isə MVP mükafatını qazanıb. Vezenkov üçüncü dəfədir ki, rəmzi yığmaya seçilir.
T.J. Şort ötürmə (7,5) və top almaya görə (1,6) Avroliqada lider olub. Oyun ərzində qazanılan xallara (18,8) görə dördüncüdür. Şorts ASVEL-lə qarşılaşmada karyerasının ən yaxşı nəticəsini göstərib: 41 xal və 30+ effektivlik reytinqi. Basketbolçu dabl-dabl (7) sayına görə də Avroliqanın lideri olub. Şorts dörd dəfə turun MVP-si seçilib. O, karyerasında ilk dəfə Avroliqanın rəmzi komandasına daxil edilib.
Naycel Heys bu mövsüm hər oyunda orta hesabla 16,8 xal, 5,2 ribaund və 1,1 topalma ilə oynayıb. Bu, Heysin ikinci dəfə Avroliqanın rəmzi komandasına seçilməsidir.
“Bayern” ilə ikinci mövsümündə Karsen Edvards xal (oyun başına 20,4), üç xal (oyun başına 2,9), ribaund (2,3) və asistə (3,3) görə karyerasının ən yaxşı çempionatını keçirib. O, 23-cü raundda “Alba”ya qarşı karyerasının ən yüksək göstəricisinə imza atıb (34 xal) . Edvards karyerası ərzində ilk dəfə rəmzi yığmaya daxil edilib.






