“Qarabağ”la “Sabah” arasında Misli Premyer Liqasının 28-ci turu çərçivəsində sabah keçiriləcək oyun çempionu böyük ölçüdə müəyyənləşdirə bilər.
Futbolinfo.az saytının məlumatına görə, qəsəbə təmsilçisi səfərdə uduzmasa, qızıl medallara bir addım da yaxınlaşacaq.
Düzdür, tərəflərin duellərindəki ümumi statistika “Qarabağ”a böyük üstünlük qazandırır. Komandalar 2018-ci ildən bəri Premyer Liqa çərçivəsində 29 dəfə qarşılaşıblar. Yubiley matçı öncəsi ağdamlılar 15 qələbəyə qarşılıq 3 məğlubiyyətlə yadda qalıblar.
Top fərqində də demək olar ki, ikiqat fərq var – 54:29. “Qarabağ”ın ilk qolu 55-ci, “Sabah”ın topu isə 30-cu olacaq. “Qarabağ”la “Sabah”ın qarşılaşmaları adətən qollu alınır. Təsadüfi deyil ki, son 9 oyunda hər iki komanda qol vurmağı bacarıb.
“Qarabağ” iki ilə yaxındır ki, “Sabah”ı məğlub edə bilmir. 2024-cü ilin sentyabrından bəri baş tutan duellərin 1-də qalib gələn bakılılar 4 dəfə rəqiblə bərabərə qalıb.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sabah” oyunu saat 19:30-da başlayacaq.






