İspaniya Futbol Federasiyası ölkə kubokunun finalında ilk dəfə olaraq hakimə quraşdırılmış kameradan istifadə ediləcəyini bildirib. Xatırladaq ki, “Atletiko” və “Real Sosyedad” arasındakı oyun aprelin 18-də Sevilyada oynanılacaq.
“Bu innovativ texnologiya federasiya ilə peşəkar liqa arasında bağlanmış müqavilənin bir hissəsi olaraq bu turnirdə ilk dəfə istifadə olunacaq. Bu kamera unikal bir mənzərə təmin edəcək və azarkeşlərə meydandakı hadisələri daha dolğun şəkildə yaşamağa imkan verəcək”, – deyə federasiyanın açıqlamasında bildirilir.
Kamera hakimin qulaqlığına inteqrasiya olunub və izləyicilərə oyunu hakimin gözü ilə görməyə, onları hadisələrin mərkəzinə yerləşdirməyə imkan verir. Bundan əlavə, izləyicilər hakimin, oyunçuların və məşqçilərin sözlərini eşidə bilərlər və bu da verilən qərarları daha yaxşı başa düşməyə kömək edir.
Kral Kubokunun finalındakı sınaqdan sonra təcrübə La Liqanın “Barselona” – “Selta”, “Betis” – “Real”, “Valensiya” – “Atletiko” və “Barselona” – “Real” oyunlarında davam edəcək.






