Avrokuboklara vəsiqə iddiasını davam etdirən “Zirə” və “Neftçi” Misli Premyer Liqasının 28-ci turunun ilk günündə üz-üzə gələcəklər.
Futbolinfo.az saytının məlumatına görə, bu, tərəflərin Azərbaycan çempionatları tarixində 41-ci oyunu olacaq.
2015-ci ildən başlayan rəqabətdə “Zirə” qələbə, “Neftçi” top sayında üstündür. Qəsəbə təmsilçisinin aktivində 15, “ağ-qaralar”ın hesabında isə 14 qalibiyyət var. “Neftçi” səfər görüşündə 3 xal əldə edə bilsə, həm 15-ci qələbəsini qazanacaq, həm də “Zirə” ilə vəziyyəti bərabərləşdirəcək.
“Neftçi” 40 görüşdə 46 dəfə fərqlənibsə, “Zirə” rəqibini 43 dəfə mərkəzə dəvət edib. Diqqətçəkən məqamlardan biri son iki dueldə bərabərliyin qeydə alınması, digəri isə “Zirə”nin ev sahibi olduğu son iki qarşılaşmada qarşılıqlı qolların vurulmasıdır.
Paytaxt derbilərinin yalnız birində komandalardan biri 3 qoldan böyük fərqlə qalib gəlib. Maraqlıdır ki, düz 5 il əvvəl – 2021-ci il aprelin 17-də “Neftçi” dogma arenasında rəqibini 4:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq.






