“Vurduğum qolların hamısı komandanın sayəsindədir. Çünki onlar topu mənə çatdırırlar, mən də bacardığım qədər epizodları qolla tamamlamağa çalışıram. Ona görə də turnir cədvəlinə və bombardirlər siyahısına o qədər də fokuslanmıram. Mənim üçün əsas olan komandanın qələbə qazanmasıdır”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Kamran Quliyev deyib.

“Difai” üzərində 4:0 hesablı qələbədə dubla imza atan Quliyev oyunu belə dəyərləndirib:

“Oyun heç də asan keçmədi. “Difai” liqada qalmaq uğrunda mübarizə aparır və belə komandalar hər zaman yuxarı pillələrdə olanlara çətinlik yarada bilir. Üstəlik, meydançanın vəziyyəti də ideal deyildi, orada futbol oynamaq həqiqətən çətindir. Buna baxmayaraq, qələbə qazandığımız üçün çox sevinirik”.

O, həmçinin komandanın ümumi durumu və hədəfləri barədə də danışıb:

“Mövsümün əvvəlindən əsas məqsədimiz Premyer Liqaya qayıtmaqdır. Komandamızda təcrübəli futbolçular çoxdur və düşünürəm ki, psixoloji vəziyyətimiz də yaxşıdır. Sonadək mübarizəmizi davam etdirəcəyik. Üzərimizdə müəyyən təzyiq var, amma bu bizə yalnız motivasiya verir. Fərdi olaraq daha çox qol vurub komandanın qələbələrində böyük pay sahibi olmaq istəyirəm. Mövsüm hələ bitməyib, qarşımızda çətin 4 oyun var. Amma hədəf dəyişmir – elitaya qayıtmaq üçün mübarizəmiz davam edəcək”.

GÜNAY SÜLEYMANOVA

Shares: