Stas Pokatikovun növbəti mövsümü də “Sabah”ın heyətində keçirmə ehtimalı böyükdür.
Futbolinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas Qazaxıstan millisinin qapıçısının çıxışından məmnundur. Çalışdırıcı növbəti mövsüm Çempionlar Liqasında da çərçivəni məhz 33 yaşlı qolkiperə həvalə etmək istəyir.
Digər tərəfdən Qazaxıstan klubları da Pokatilovun xidmətində maraqlıdırlar. Qapıçının tezliklə ölkəsindən də təkliflər alması gözlənilir. O özü isə Çempionlar Liqasında iştirak şansını nəzərə alaraq, “Sabah”la yeni müqavilə imzalamağa müsbət yanaşır.
Qeyd edək ki, Stas Pokatilov 2025-ci ilin yanvarından “Sabah”ın formasını geyinir. O, cari mövsüm Premyer Liqada 29 oyunun 13-də qapısını toxunulmaz saxlayıb.






