UEFA Çempionlar Liqasının 2026-27 mövsümündə 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq daha iki komanda müəyyənləşib.
Futbolinfo.az saytının məlumatına görə, Slovakiyada “Slovan”, Bolqarıstanda isə “Levski” ölkə çempionluğunu qazanıblar.
“Slovan” növbəti mövsümün ilk püşkatması zamanı səpələnmişlərdə yer alacaqsa, “Levski”nin səbəti hələlik qeyri-müəyyəndir. Tarixində ilk dəfə Azərbaycan çempionu olan “Sabah”ın da hansı səbətdə qərarlaşacağı hələlik bəlli deyil. Lakin möcuzə baş verməsə, çempionumuz səpələnməmişlərin – yəni zəiflərin sırasında qərarlaşacaq.
Məsələ burasındadır ki, qitənin ən nüfuzlu klub turnirinin 1-ci raundunda 32 komanda mübarizə aparacaq, hər səbətə 16 klub düşəcək. Artıq səpələnmişlərin 7 “sakini” bilinir. Həmçinin Bosniya və Herseqovina çempionunun da orada qərarlaşacağı dəqiqdir. Qeyri-müəyyənlərdən isə 6-sının əmsalı “Sabah”dan yüksəkdir. Valdas Dambrauskasın yetirmələri hazırda cəmi 4 komandanı üstələyir. Bu isə o deməkdir ki, ÇL-in 1-ci təsnifat mərhələsinə qatılacaq növbəti 13 komandadan cəmi 2-sinin əmsalı “Sabah”dan yüksək olsa, təmsilçimiz səpələnməmişlərə düşəcək.
1-ci təsnifat mərhələsində iştirakı dəqiqləşən komandalar aşağıdakılardır:
Səpələnmişlər: “Slovan” (Slovakiya), “Selye” (Sloveniya), “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Linkoln” (Cəbəllüttariq), “Vikinqur” (Reykyavik, İslandiya) “Kayrat” ( Qazaxıstan), Bosniya və Herseqovina çempionu;
Səpələnməmişlər: “İberiya” (Gürcüstan), “Tre Fiori” (San Marino), “Vitebsk” (Belarus);
Qeyri-müəyyənlər: “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Estoniya), “Larne” (Şimali İrlandiya), TNS (Uels), “Levski” (Bolqarıstan), “Sabah” (Azərbaycan), “Kauno” (Litva).






