“Kəpəz”in futbolçusu Əli Səmədovun futbolinfo.az saytına müsahibəsi

  • “Kəpəz” 2025/26 mövsümünün sonuncu turunda əzəli rəqibi “Neftçi”yə minimal hesabla uduzdu…
  • “Kəpəz” və “Neftçi”nin oyunu həmişə prinsipial olub, derbi sayılıb. Nəticənin turnir cədvəli baxımından önəm kəsb etməməsinə rəğmən, bizim üçün vacib matçlardan biri idi. Deyərdim ki, komanda şəklində yaxşı təsir bağışladıq. Heyətdə az şans qazanan futbolçulara və gənclərə üstünlük verildi. Məğlub olsaq da, bu görüş xeyli sayda gənc futbolçunu qazanmağımıza kömək olacaq.
  • Rəqib 65-ci dəqiqədən etibarən meydanda 10 nəfərlə mübarizə apardı. Bundan istifadə edə bilməməyinizin səbəbini nədə görürsünüz?
  • Düzdür, rəqibin futbolçusu qırmızı vərəqə aldı. Həm ilk hissədə, həm də fasilədən sonra yüzfaizlik qol epizodlarımız oldu. Amma bəxt bu oyunda bizdən üz döndərmişdi. “Neftçi”nin qapıçısı yaxı qurtarışlar etdi. Dediyim kimi, oyunu pis keçirmədik. Real qol epizodları bizdə daha çox idi.
  • Ümumilikdə “Kəpəz”in cari mövsümdəki çıxışını necə dəyərləndirirsiniz?
  • Həmişəki kimi, mövsümə yaxşı başlamadıq. Artıq 3 sezondur ki, eyni hal müşahidə olunur. Əsas odur ki, komandamız yenə toparlana bildi. Dəyişikliklər oldu, sonradan özümüzə gəldik. Qarşımıza qoyulan minimum hədəfi yerinə yetirdik. Premyer Liqada qalmalıydıq, pley-off oynamaq istəmirdik, buna nail olduq. Düzdür, bu, “Kəpəz” adına yaxşı hədəf deyil. Amma real götürsək, bu gün minimum hədəfə də çatmaq bizim üçün yaxşı haldır.
  • Azər Bağırovun “Kəpəz”dən ayrılacağı, “Şamaxı”nın sükanı arxasına keçəcəyi gözlənilir. Sizcə, Bağırovun gedişi “Kəpəz”i geri salacaqmı?
  • Bunu rəhbərliklə Azər müəllimin özü qərarlaşdıracaq. Bizim elə səlahiyyətimiz yoxdur ki, nəyəsə müdaxilə edək. Necə olacağını zaman göstərəcək, Xeyirlisi, inşallah.
  • Növbəti mövsümdə də sizi “Kəpəz”də görə biləcəyik?
  • Müqaviləmin müddəti 1 illik idi, sözləşməm bitir. Rəhbərliklə oturub danışacağıq, bundan sonra qərar verərik.
  • Son illərdə “Kəpəz” bir qayda olaraq Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Növbəti mövsümdə də hədəf eyni olaraq qalacaq, yoxsa daha iddialı “Kəpəz” görə bilərik?
  • Düzdür, hər il Premyer Liqada qalmaq uğrunda oynamaq bizim üçün çox da yaxşı vəziyyət deyil. Amma reallığı qəbul etməliyik. Biz də daha yuxarı yerlər uğrunda oynamağı istərik. Ancaq bu dəqiqə reallıq belədir, biz də bununla razılaşmalıyıq.

CAVAD

Shares: