Milli Hokkey Liqasında Stenli Kubokunun final seriyasında mübarizə davam edir.
Seriyanın ilk iki oyununda hərəyə bir qələbə qazanan “Karolina Harrikeyns” və “Veqas Qolden Nayts” arasında üçüncü qarşılaşma “T-Mobile Arena”da baş tutub. İlk iki oyunda olduğu kimi, bu dəfə də azarkeşlər dramatik matçın şahidi olublar.
Oyunun ilk periodunda hesab açılmasa da, ikinci hissədə meydan sahibləri təşəbbüsü ələ alıblar. “Qolden Nayts” cəmi altı dəqiqə ərzində dörd dəfə fərqlənib. Bu hissədə xüsusilə kanadalı hücumçu Mitçell Marner diqqət mərkəzinə düşüb. O, 6 dəqiqə 10 saniyə ərzində het-trik edərək Stenli Kuboku finalları tarixində ən qısa zamanda üç qol vuran oyunçu kimi yeni rekord müəyyənləşdirib.
Lakin son periodda “Veqas”ın arxayınlaşması oyunun gedişatını dəyişib. “Karolina” ikinci fasilədən sonra cəmi 39 saniyə ərzində üç qol vuraraq fərqi minimuma endirib. Qarşılaşmanın bitməsinə 42 saniyə qalmış isə rusiyalı hücumçu Andrey Sveçennikov hesabı bərabərləşdirib.
Qalib əlavə vaxtda müəyyənləşib. Overtaymın 26-cı dəqiqəsində Şi Teador həlledici qola imza ataraq komandasına qələbə qazandırıb. Beləliklə, “Veqas Qolden Nayts” rəqibini 5:4 hesabı ilə məğlub edərək final seriyasında yenidən üstünlüyü ələ alıb.
Komandalar arasında dördüncü görüş də bu arenada keçiriləcək.






