“İngiltərə millisinin öz oyununu tapması üçün bir qədər vaxt lazım gəldi”. Bunu sözügedən millinin baş məşqçisi Tomas Tuhel Xorvatiyaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Alman çalışdırıcı qələbə qazandıqları oyunu şərh edib: “Komandamın çıxışı xoşuma gəldi. İlk hissə bizim üçün bir qədər çətin keçdi. Futbolçuların üzərində müəyyən gərginlik hiss olunurdu. Oyunun ritmini tapa bilmirdik və boş zonalardan istifadə etmək üçün özümüzə kifayət qədər inanmırdıq. Bir statistikaya baxdım, ilk hissədə ikili mübarizələrin cəmi 33 faizində qalib gəlmişdik, ikinci hissədə isə bu göstərici 73 faizə qədər yüksəldi. Bu da göstərir ki, topsuz oyunda da istədiyimiz səviyyədə deyildik, kifayət qədər aqressiv və qətiyyətli görünmürdük. Futbolçuların fasilədən sonrakı reaksiyasını çox bəyəndim. Oyunda emosiyalar çox idi və bunun təsiri hiss olunurdu”.

İngiltərə yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra xorvatların baş məşqçisi Zlatko Daliç də danışıb: “Rəqibin heyətində Harri Keyn yüksək səviyyəli futbolçudur və komandasına çox şey qazandırır. Keyn hələ də qol vurmaq bacarığına malikdir. Əvvəlki dünya çempionatlarında çox yaxşı çıxış etdiyimiz matçlar olub. Lakin həmin görüşlər indiki vaxta təsir etmir. Onlar artıq geridə qalıb və biz tarixlə yaşaya bilmərik. Hazırkı dünya çempionatına köklənmişik və bizi qarşıda növbəti oyunlar gözləyir”.

Shares: