MBA təmsilçisi “San Antonio Spurs”un ştat şərhçisi Ceykob Tobi sosial şəbəkələrdə baş verən qalmaqaldan sonra klubdan uzaqlaşdırılıb.
Mübahisə basketbolçu Lindi Uotersin bacısının Tobinin “Instagram” hesabına daxil olaraq onun adından xəyanət etdiyini etiraf edən paylaşım etməsi ilə başlayıb. Paylaşılan fotolarda Tobi “Spurs”un hücumçusu Lindi Uotersin doğma bacısı Loren Uotersi öpərkən görüntülənib.
Klub rəhbərliyi bu hadisədən sonra Ceykob Tobi ilə əməkdaşlığa son qoyub. Qərarın əsas səbəbi komandanın fəaliyyətdə olan oyunçusunun yaxın qohumu ilə şəxsi münasibətin maraqlar toqquşması yaratması və peşə etikası qaydalarının pozulması kimi göstərilib.
28 yaşlı Tobi ABŞ-da idman yayımçılığının parlayan gənc simalarından biri hesab olunurdu və qısa müddət əvvəl “Spurs”la uzunmüddətli yeni müqavilə imzalamışdı. O, 2024-cü ildə, 26 yaşında komandanın oyunlarının şərhçisi olub. Tobi mənşəcə ABŞ-nin yerli xalqlarındandır və Meşpi Vampanoq qəbiləsinin üzvüdür. Lindi Uoters də yerli amerikalı köklərə malikdir və Kikapu qəbiləsinə mənsubdur.
