Məşhur italiyalı çalışdırıcı Fabio Kapello İtaliya millisinin baş məşqçi postuna ən uyğun namizədin Antonio Konte olduğunu bildirib.
Kapello Kontenin daha əvvəl İtaliya millisinə uğurla rəhbərlik etdiyini xatırladıb və Roberto Mançinini tənqid edib:
“Mən bunu artıq demişəm, birmənalı olaraq, Konte! O, İtaliya millisinin başında əla iş gördü. Mançini də güclü məşqçidir, amma onun ən vacib oyunlar silsiləsinə cəmi bir neçə gün qalmış milli komandanı tərk etməsi unudula biləcək qədər kiçik məsələ deyil”.
Təcrübəli mütəxəssis, həmçinin Paolo Maldininin İtaliya Futbol Federasiyasının texniki direktoru təyin edilməsini dəstəklədiyini deyib:
“Paolo heç vaxt hər şeylə razılaşan insan olmayıb. O, qərar vermək və vəziyyəti dəyişmək azadlığı istəyir. Onun hər zaman aydın planı olur və onu həyata keçirməyə çalışır. Belə səviyyəli insanın ideyalarını sərbəst reallaşdırmaq imkanı olmalıdır. Əminəm ki, maliyyə məsələsi onun üçün əsas amil deyildi. O, daha çox öz baxışını həyata keçirmək istəyir. Yalnız bu halda həqiqətən fayda verə bilər. Paolonu böyük xarizmaya malik insan kimi tanıyıram. O, qalib xarakterlidir və çalışdığı hər yerdə əsas fiqur olub”.
