Kiyev “Dinamo”su UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la ilk oyunda bir futbolçunun xidmətindən məhrum olacaq.
Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Roman Salenko avqustun 6-dakı qarşılaşmanı buraxmalı olacaq. Buna səbəb 21 yaşlı oyunçunun cəzalı durumda olmasıdır.
Salenkonun bir matçlıq diskvalifikasiyası qalmasaydı belə, Azərbaycan təmsilçisi ilə görüşü buraxacaqdı. Çünki Ukraynanın gənclər millisinin üzvü bir müddətdir zədədən əziyyət çəkir. Salenkonun yaxın günlərdə kollektivlə məşqlərə qoşulması gözlənilir.
Lakin futbolçu özü “Qarabağ”la cavab oyununa yetişəcəyinə belə əmin deyil: “Bərpa prosesi plan üzrə gedir. Zədənin yenidən özünü göstərməsi xoş olmadı. Amma vəziyyət o qədər də ciddi deyil. Tədricən optimal formama qayıdıram. Planım avqustun 6 və ya 7-də əsas komandanın düşərgəsinə qayıtmaqdır”.
Qeyd edək ki, “Dinamo” ilə “Qarabağ” arasında ilk oyun avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək. Cavab matçı ayın 13-də Bakıda reallaşacaq.
