“Hazırda “Dinamo”nun oyunu onda yalnız məyusluq yaradır”. Bunu ukraynalı tanınmış mütəxəssis Miron Markeviç Kiyev “Dinamo”sunun hazırkı durumunu dəyərləndirərkən deyib.

Futbolinfo.az xəbər verir ki, Markeviç kiyevlilərin UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” önündə işinin çətin olacağını düşünür: “Qarabağ” keçilməli olan rəqibdir, lakin “Dinamo” indiki kimi çıxış etsə, bunu etmək çox çətin olacaq. Kiyevlilər oyunlarını ciddi şəkildə yaxşılaşdırmalı, futbolçular matçlara maksimum köklənməlidirlər. “Dinamo”nun potensialı rəqibini üstələməyə imkan verir, amma bunu meydanda sübut etmək lazımdır”.

Ukrayna millisinin sabiq baş məşqçisi “Qarabağ”ın məğlubedilməz olmadığını bildirib: “Bu rəqibi keçmək olar və keçmək lazımdır. Amma indiki oyunla bu qarşıdurmada problemlər yarana bilər”.

Qeyd edək ki, “Dinamo” ilə “Qarabağ” arasında ilk oyun avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək. Cavab matçı ayın 13-də Bakıda reallaşacaq.

Shares: