15 yaşadək qızlardan ibarət Azərbaycan millisi Qazaxıstanın Şımkent şəhərində keçiriləcək UEFA İnkişaf Turnirinə qatılacaq.
Futbolinfo.az xəbər verir ki, turnirin 11-17 avqust aralığında təşkili nəzərdə tutulur.
U-15 millimizin rəqibləri Rusiya, Belarus və Qazaxıstan yığmaları olacaq. Turnir dairəvi sistem üzrə keçiriləcək və hər komanda bütün rəqiblərlə bir dəfə qarşılaşacaq. Bu, Rövşən Qasımovun U-15-in baş məşqçisi postunda ilk ciddi sınağı olacaq.
Turnirin əsas prinsiplərindən biri hər iştirakçı futbolçunun üç oyun ərzində ümumilikdə ən azı 90 dəqiqə meydanda olmasıdır.
Rusiya millisinin baş məşqçisi Yelena Medved açıqlamasında bildirib ki, turnir futbolçuların əksəriyyəti üçün ilk beynəlxalq sınaq olacaq: “Qarşıda Belarus, Azərbaycan və Qazaxıstan yığmalarına qarşı maraqlı və rəqabətli oyunlar bizi gözləyir. Bunlar güclü rəqiblərdir və belə görüşlər komandamızın yüksək səviyyədə özünü sınaması və inkişaf yolunda növbəti addımı atması üçün əla fürsətdir. Turnirin başlanmasını səbirsizliklə gözləyirik”.
