“Kəpəz”də xoşagəlməz xəbərlər sıralanır. Klub rəhbərliyində istefalar, qovulmalar davam edir.
Futbolinfo.az xəbər verir ki, hələlik klub gedənlərlə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, İdarə Heyətinin sədr müavini Erkin İbrahimov postundan öz istəyi ilə ayrıldığını təsdiqləyib. Tezliklə digər vidalarla bağlı da açıqlamaların veriləcəyi gözlənilir.
Növbə İlqar Nadiriyə də çatıb. Gəncə klubunun icraçı direktoru tezliklə postundan qovulacaq. “Kəpəz”də daha öncədən çalışan, yeni himayədarların səlahiyyətlərini əlindən alaraq postunda saxladığı funksioner bu dəfə kludan birdəfəlik uzaqlaşdırılacaq.
Ümumiyyətlə, “Kəpəz”də başverənlərin araşdırılmasına ehtiyac var. Əvvəlki heyətin tamamilə dağıdılması, yeni transferlər zamanı edilən “əməliyyatlar” üzə çıxdıqdan sonra daxili gərginlik yaranıb. Həm köhnələrin, həm də yenilərin “təmiz” işləməməsi aydınlaşdıqdan sonra qovulmalar sıralanıb.
Qarşıdakı həftədə daha gözlənilməz xəbərlər eşidəcəyik. Baş məşqçi Adil Şükürov postundan istefa versə, təəccüblənməməliyik. Çünki onu kluba qaytaranlar özü artıq kənardadır.
Yeni sponsorun gəlişi ilə ümidlənən gəncəlilər indi ötən günlərin həsrətini çəkməsə yaxşıdır. Daha yaxşı “Kəpəz” görməyi arzu edənlər daha miskin durumda olan kluba tamaşa etməkdədir. Hakimiyyət eşqində olanlar, büdcəni bölüşə bilməyənlər tarixi klubun süqutunu reallaşdırır.






