Misli Premyer Liqasının XXVI turu çərçivəsində baş tutan “Kəpəz” – “Qəbələ” oyununda maraqlı hadisə yaşandı.

Futbolinfo.az xəbər verir ki, görüşün 80-ci dəqiqəsində Rəhman Hacıyev ayağından zədə aldıqdan sonra komandanın həkimi xərəyin gəlməsini gözləmədən onu qucağına alaraq meydandan çıxardı. Həmin görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

Olayın qəhrəmanı olan Elman Məmmədov həmin epizodla bağlı futbolinfo.az saytına danışıb. Həkim bildirib ki, Rəhmanın yerində başqa oyunçu da olsaydı, eyni addımı atardı: “Həmin epizodda həm vaxt itkisi olmasın, həm də daha rahat müdaxilə edə bilim deyə belə etdim. Bəzən ani qərarlar maraqlı məqamlar yaradır, bu da onlardan biridir. Komandamızın hər bir üzvü mənim üçün əzizdir”.

Məmmədov oxşar hadisənin daha əvvəl də yaşandığını xatırladıb: “Turan Tovuz”la kubok oyununda Ohorinin ayağı zədələnmişdi və meydanı tərk etməli oldu. Paltardəyişmə otağına gedərkən əvvəlcə əlini çiynimə atıb bir neçə addım atdı. Lakin ağrıları çox olduğu üçün məndən onu daşımağımı xahiş etdi, mən də kömək etdim və onu belimdə apardım”.

Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

8363b072 f0b4 4d96 a273 de1efbdce98a - Futbolinfo.az
Shares: