“Turan Tovuz”un tacikistanlı qapıçısı Oleq Baklovun futbolinfo.az saytına müsahibəsi
– Tovuza dönüşünüzü qələbə ilə qeyd etdiniz. “Sumqayıt”la oyunu və nəticəni necə şərh edərdiniz? Təbii ot örtüyündə, doğma publika önündə çıxış etmək necə hissdir?
– Biz doğma stadionumuza qayıtmağı uzun müddət gözlədik. İlk növbədə futbol azarkeşlər üçün bir oyundur. Doğma meydanda oynamaq bizə əlavə motivasiya verir. Nəticədən asılı olmayaraq, görüş bizim üçün çox çətin keçdi. Azarkeşlərimizi qələbə ilə sevindirmək üçün komanda şəklində sonadək döyüşdük.
– Cari mövsümdə “Sumqayıt”la keçirdiyiniz hər 3 matçda meydanı qalib tərk etmisiniz. Bu, “kimyaçılar”ın sizə bab rəqib olmaması ilə əlaqədardır, yoxsa onları yaxşı təhlil etməyinizlə?
– Məncə, bu, sadəcə vəziyyətin üst-üstə düşməsidir. Bəli, biz rəqibi yaxşı öyrənmişdik, məşqçilər bizə “Sumqayıt”ın güclü və zəif tərəflərini çatdırmışdılar. Deyə bilərəm ki, onlarla hər üç oyun fərqli keçib. Ümumilikdə biz komandaları zəif və güclü deyə bölmürük. Hamı görür ki, turnir cədvəlinin aşağısındakı komandalar liderləri məğlub edə bilirlər. Buna görə də hər rəqibin önünə maksimum gücümüzlə oynamağa çıxırıq.
– Son 2 turda “Turan Tovuz”un qapısını siz qoruyursunuz. Əsas heyətdəki yerinizi Sergey Samokdan geri aldığınızı və mövsümün qalan oyunlarına ilk “11-lik”də çıxacağınızı deyə bilərik?
– Bizim komandada əsas və ehtiyat oyunçular deyə bölünmə yoxdur. Bütün qapıçılar eyni dərəcədə çalışırlar. Və kimin oynayacağını məşqçilər korpusu qərarlaşdırır.
– Növbəti turda səfərdə “Araz-Naxçıvan”la üz-üzə gələcəksiniz. Qələbə qazanmaq mümkün olacaq?
– Matça hazırlaşmaq üçün vaxtımız var. Əgər biz özümüzü tam olaraq oyuna həsr edərək mübarizə aparsaq, o zaman komandamızda heç bir problem yaranmaz.
– “Turan Tovuz”un mövsümü ikinci pillədə bitirməyə gücü çatar, yoxsa sizi 3-cü yer də qane edir?
– Mövsümün sonuna hələ 6 tur var. Təbii ki, nə qədər yuxarı pillədə olsaq, komanda üçün bir o qədər yaxşıdır. Cədvəldəki yerimizi müəyyənləşdirəcək 6 final oyunumuz var.
– “Turan Tovuz”la 2027-ci ilin yayınadək müqaviləniz var. Bir ara əsas heyətdəki yerinizi itirdiyinizi nəzərə alsaq, növbəti mövsümlə bağlı planlarınız necədir? Başqa klublardan gələcək təklifləri dəyərləndirməyə açıqsınız, yoxsa ən azı müqavilənizin sonunadək sizi “Turan Tovuz”da görəcəyik?
– Zədələr idmanın bir hissəsidir, məndə də düşündüyümdən daha ciddi bir zədə olmuşdu. Uzun müddət müalicə olundum, amma indi sağalmışam. Dediyiniz kimi, “Turan Tovuz”la hələ bir mövsümlük müqaviləm qalıb. Hazırda başqa heç bir təklif yoxdur. “Turan Tovuz”un oyunçusu olmaqdan məmnunam.
FƏRİD






